ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem bildirib ki,
ABŞ-yə 30-dan çox ölkənin vətəndaşları üçün giriş qadağan edilə və ya məhdudlaşdırıla bilər.
Teleqraf xəbər verir ki, bu barədə Fox News telekanalına müsahibəsində danışıb.
Nazirin sözlərinə görə, söhbət sabit hökuməti olmayan ölkələrdən gedir.
“Dəqiq sayı deməyəcəyəm, amma 30-dan çoxdur. Əgər həmin ölkələr bizə ABŞ-yə gəlmək istəyən şəxslərin kim olduğunu izah edə və onların yoxlanılmasına kömək edə bilmirsə, biz niyə bu ölkələrin sakinlərini ABŞ-yə buraxmalıyıq?” – deyə o vurğulayıb.
Amerika KİV-lərinin məlumatına görə, Vaşinqton hazırda ABŞ-yə girişin qadağan edildiyi və ya məhdudlaşdırıldığı ölkələrin siyahısını 19-dan 32-yə qədər genişləndirməyi müzakirə edir.
Qeyd olunur ki, Kristi Noem bundan əvvəl milli təhlükəsizliyə daha çox təhdid yaradan ölkələrin vətəndaşları üçün tam giriş qadağası tətbiq edilməsi təklifi ilə çıxış etmişdi. Bu açıqlamalar ötən həftə ABŞ Milli Qvardiyasının hərbçilərinə qarşı hücumdan sonra verilib.
Hadisə barədə:
26 noyabrda naməlum şəxs Vaşinqtonun mərkəzində, admiral Devid Farragutun adını daşıyan skver yaxınlığında Milli Qvardiya hərbçilərinə atəş açıb. Hadisə yerinin Ağ Evə məsafəsi təxminən 300 metr olub. Nəticədə hücum edən şəxs və iki hərbçi yaralanaraq xəstəxanaya yerləşdirilib, daha sonra hərbçilərdən biri ölüb.
Kristi Noem bildirib ki, şübhəli şəxs 2021-ci ildə Əfqanıstandan ABŞ-a köçürülən şəxslər proqramı çərçivəsində ölkəyə daxil olub.