Amerikanın “Visa” şirkəti Suriya Mərkəzi Bankı ilə bu ölkədə ödəniş sistemini işə salmaq barədə razılığa gəlib.
Newscenter.az SANA-ya istinadən bildirir ki, bu barədə şirkət məlumat verib. Məlumata görə, tərəflər Suriyada müasir rəqəmsal ödəniş ekosisteminin yaradılması üçün yol xəritəsini təsdiqləyiblər.
Birinci mərhələdə əsas diqqət etibarlı və təhlükəsiz ödəniş infrastrukturunun yaradılması üçün lisenziyalı maliyyə institutları ilə işləmək olacaq. Buraya ödəniş kartlarının emissiyası və beynəlxalq standartlara uyğun rəqəmsal pul kisələrinin tətbiqi daxildir.
Qeyd edək ki, noyabr ayında Beynəlxalq Valyuta Fondunun missiyası Dəməşqə səfər edərək ölkənin maliyyə sektorunda islahatlar aparmaq üçün Suriyanın yeni hakimiyyət orqanlarına texniki dəstək göstərib. Fond ödəniş sisteminin modernləşdirilməsinə və Suriya tənzimləyicisinin aşağı və davamlı inflyasiyaya yönəlmiş siyasətləri həyata keçirmək imkanlarının bərpasına kömək etməyə hazır olduğunu bildirib.
Suriya bankları vətəndaş müharibəsi başlayandan faktiki olaraq qlobal maliyyə sistemindən kəsilib.
2024-cü ilin dekabrında Bəşər Əsədin devrilməsindən sonra Əhməd əl-Şaraa başçılıq etdiyi yeni Suriya administrasiyası iqtisadiyyatı liberallaşdırmaq və beynəlxalq ictimaiyyətlə münasibətləri yaxşılaşdırmaq niyyətində olduğunu bəyan edib. Bunun ardınca ABŞ, Böyük Britaniya və Aİ Suriyaya qarşı əvvəllər tətbiq etdiyi sanksiyaların əksəriyyətini ləğv edib.
Süleyman