“Beynəlxalq vasitəçilərin qərəzi məxfi sənədlərdə də açıq şəkildə əks olunub. Ermənistan hökumətinin Azərbaycanın müəllifi olduğu sülh təklifini qəbul etməkdən başqa yolu yoxdur. Bu reallığı qəbul etmək istəməyən bəzi revanşist qüvvələr separatçı çağırışları davam etdirirlər. Onlar 2026-cı il seçkilərində yenidən siyasi meydana atılmağa can atırlar. Bu dəfə də Qarabağ üzərindən siyasi oyunlar qurmaq cəhdləri diqqətdən qaçmır. Baş nazir Nikol Paşinyanı təslimçi sülhdə ittiham edən səhra komandirləri – Robert Köçəryan və Serj Sarkisyan, eləcə də qondarma demokrat Levon Ter-Petrosyan növbəti dəfə ifşa olundu. N.Paşinyan əvvəlcədən də söylədiyi kimi, “Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin sənədləri”ni ictimailəşdirib".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
Qeyd edək ki, Ermənistan hökumətinin ictimailəşdirdiyi 13 sənəd, 1992–2020-ci illərdə aparılmış danışıqların nəticələrini və beynəlxalq vasitəçilərin mövqeyini ortaya qoyur. Sənədlər göstərir ki, vasitəçilərin qərəzi və ikili standartları münaqişənin həllinə ciddi maneə yaradıb. İşğalçı Ermənistan uzun illər dialoq masasında konstruktiv mövqe tutmayaraq, işğalçı siyasətini davam etdirib, vasitəçilər isə bu zaman fərq qoymadan yarımçıq həll variantları irəli sürüblər. Bu sənədlər eyni zamanda Azərbaycanın mövqeyinin prinsipial olduğunu, milli maraqlardan geri çəkilmədiyini bir daha təsdiqləyir. Danışıqlarda iştirak etməklə rəsmi Bakı həm beynəlxalq təzyiqlərin qarşısını alıb, həm də strateji addımlar vasitəsilə öz ərazi bütövlüyünü təmin edib.
Deputat qeyd edib ki, təbii ki, bu sənədlərlə bağlı rəsmi Bakının heç bir narahatlığı yoxdur.