Rusiya–Azərbaycan münasibətləri: yeni dəngənin konturları nədir?
“Azərbaycan–Rusiya münasibətlərinin gələcək dinamikası necə görünür?” sualı, əslində, tərsinə də qurula bilər: “Rusiya–Azərbaycan münasibətlərinin gələcək dinamikası necə görünür?” Dil baxımından iki müxtəlif başlanğıc nöqtəsi kimi görünən bu cümlələr, əslində, münasibətlərin mahiyyətindəki incə bir həqiqəti işarələyir.
Əsas məsələ nədir? – Münasibətlərdə nə vaxt gərginlik olubsa, məsuliyyətin qarşı tərəfin üzərində qaldığı həmişə birmənalı şəkildə görünmüşdür. İkinci önəmli məqam: əgər münasibətlərin düzəlməsində biz 49 faiz maraqlıysaq, Rusiya ən azı 51 faiz maraqlıdır. Üçüncüsü isə – barış, dialoq və anlaşma bizə nə qədər yaraşırsa, prinsipiallıq və siyasi iradə də bizə o qədər yaraşır.
Prezidentin köməkçisi Hikmət Hacıyevin açıqlaması göstərir ki, Bakı–Moskva xətti hazırda “situativ gərginlikdən idarəolunan normallığa dönüş” mərhələsindədir. Azərbaycanın vurulan təyyarə ilə bağlı rəsmi üzr, araşdırma və kompensasiya tələblərinin Rusiya tərəfindən qəbul edilməsi iki nəticəni ortaya qoydu:
— məsuliyyətin hüquqi-siyasi çərçivədə tanınması;
— münasibətlərin emosional yox, dövlət məntiqi ilə tənzimlənməsi.
Bəs gələcək dinmikada nələr görünür? — Azərbaycan Rusiyaya münasibətdə artıq Kremlin illər öncə bizə yaraşdırdığı “arxa bağça” anlayışının çox-çox ötəsindədir. Azərbaycan bölgəsəl güc və suveren oyunçu statusunda davranır. Bakı öz strateji prioritetlərini dəyişmir: Türk Dövlətləri Təşkilatı xətti, Qərb institutları, enerji-logistik-kommunikasiya dəhlizləri – hamısı çoxşaxəli siyasətin tərkib hissəsidir. Moskva bu gerçəkliyi qəbul etməli və münasibətləri gərginlik üzərində deyil, praqmatizm üzərində qurmalıdır.
Proseslər necə davam edə bilər?
Birincisi,
selektiv işbirliyi modeli daha da dərinləşəcək. Enerji, logistik, təhlükəsizlik üzrə dialoq qalacaq, amma hər iki tərəf bir-birinin iç və dış siyasətinə müdaxilə məsələsində daha da həssas davranacaq. Azərbaycan onsuz da heç bir dövlətin iç işlərinə qarışmayan prinsipial xəttə sahibdir.
İkincisi,
risklər tam aradan qalxmayıb. Ukrayna müharibəsi fonunda Rusiyanın regiona baxışı dəyişkəndir; bu səbəbdən Bakı həmişə olduğu kimi strateji aranı qoruyacaq.
Üçüncüsü,
yeni dəngə formalaşır. Azərbaycan artıq suveren maraqlarını açıq deyən, tərəfdaşlıq şərtlərini özü müəyyən edən regional aktordur.
Dördüncüsü,
bölgədəki güc nisbəti dəyişdikcə Moskva–Bakı münasibətləri də “rəqabətli işbirliyi” formatında davam edəcək.
Sonuc olaraq,
təyyarə hadisəsi nə qədər ciddi gərginlik yaratmış olsa da, Azərbaycanın prinsipial və ardıcıl mövqeyinin qəbul edilməsi göstərdi ki, Bakı bölgə siyasətində haqlı və güclü tərəf olduğunu yenidən təsdiqlədi. Gələcək münasibətlər də məhz bu tarazlıq – suverenliyə sayğı, praqmatizm və siyasi iradə prinsipləri üzərində inkişaf etməlidir.
Dövlətimiz zaval görməsin!
Əkbər QOŞALI