Beynəlxalq Əmək Təşkilatının tələblərindən irəli gələrək Azərbaycanın Əmək Məcəlləsinə bir sıra dəyişikliklər ediləcək.
Bunlardan biri isə uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsidir.
Ödənişli atalıq məzuniyyətinin verilməsi kişiləri bu hüquqdan istifadə etməyə təşviq edə bilərmi?
Redaktor.az-a danışan sosioloq Üzeyir Şəfiyev öncə qeyd etdi ki, Azərbaycan öz milli qanunvericiliyini beynəlxalq konvensiyalara, beynəlxalq qanunlara uyğunlaşdırır.
Onun sözlərinə görə, əvvəllər də kişilər üçün ödənişsiz əsaslarla belə bir məzuniyyət hüququ verilirdi:

"Lakin edilən dəyişiklik onlara ödənişli məzuniyyət hüququ verir. Bu da o deməkdir ki, kişilər həyat yoldaşlarının uşaq dünyaya gətirdiyi dövrdə və yaxud hamiləlik dövründə 14 günlük özlərinə məzuniyyət götürə bilərlər. Əvvəl ödənişsiz idi, yəni əgər kişi 14 gün məzuniyyətə çıxırdısa, onun 14 günlük məzuniyyət vaxtında əmək haqqından pul tutulurdu. İndi isə artıq tutulmayacaq, yəni artıq ödəniləcək. O, məzuniyyətdə olduğu müddətdə də əmək haqqı 14 gün ərzində ödəniləcək.
Bu, kişilərə ev işlərində, uşağa baxmaqda, uşaqla əylənməkdə, öz həyat yoldaşlarına hər bir öhdəlikləri yerinə yetirməkdə yardımçı olmağa kömək edəcək. Bu, həm ailədə harmoniya baxımından, həm də valideyn öhdəliklərinin yerinə yetirilməsi baxımından əhəmiyyətlidir. Həm də dövlətin vətəndaşa əlavə bir dəstəyinin qanunvericilik yolu ilə ifadəsidir. Dövlət-vətəndaş münasibətləri üçün əhəmiyyətli bir yanaşmadır və Azərbaycan beynəlxalq qanunlara, beynəlxalq sənədlərə, beynəlxalq konvensiyalara öz qanunlarını bu istiqamətdə bir qədər uyğunlaşdırdı".
Müsahibimiz vurğuladı ki, bundan kişilərin istifadə edib-etməyəcəyi məsələsi də cəmiyyətdə müzakirə olunur:
"Çünki uzun müddət Azərbaycan cəmiyyəti kişi mərkəzli cəmiyyət olduğu üçün, patriarxal düşüncə olduğu üçün belə bir yanaşma olub ki, qadınlar ev işləri görsünlər, uşağa baxsınlar, kişilər isə çöl işləri görsünlər. Kişinin öz həyat yoldaşı hamilə olduqda və yaxud da uşaq doğulandan sonra məzuniyyət götürməsinə cəmiyyətdə bir qədər başqa cür baxırdılar. Belə stereotip yanaşmalar var idi.
Bizim dövlətimiz artıq hüquqi, demokratik, dünyəvi dövlətdir və artıq kişi mərkəzli cəmiyyətə liberal dəyərlər daxil olur. Güman edirəm ki, bu hüquqdan istifadə edən kişilərin sayı çoxalacaq. Özəlliklə də yeni qurulan ailələr barədə danışırıqsa, yəqin ki, onlar bu stereotiplərdən uzaqlaşacaq, kişilər ev işlərində qadınların yanında olacaq, uşağa baxmaq məsələsində də qadınlara dəstək olacaqlar. Çünki söhbət valideyn öhdəlikləri və valideyn borcundan gedir. Dövlət də bunun üçün hər iki valideynə hüquqi və sosial baxımdan dəstək verir".
Aytəkin TOFİQQIZI