Bakı, 4 dekabr, AZƏRTAC
İnvestisiya mühitinin gücləndirilməsi üçün ilk növbədə hüquqi sabitlik və etibarlı məhkəmə sistemi təmin edilməlidir. Dünyanın ən uğurlu investisiya cəlb edən ölkələrinin təcrübəsi göstərir ki, investorlar üçün əsas meyar qanunların tez-tez dəyişməməsi, məhkəmələrin obyektiv fəaliyyəti və dövlət məmurlarının biznesə müdaxilə etməməsidir. Azərbaycan üçün də eyni prinsiplər keçərlidir: məhkəmə sisteminə inamın artırılması, vəzifəli şəxslərin biznesə təsir cəhdlərinə qarşı sərt cəza mexanizmlərinin tətbiqi, müqavilə və mülkiyyət hüquqlarının etibarlı qorunması sabit investisiya mühitinin əsasını təşkil edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında vəkil Roman Qaraşov deyib.
O bildirib ki, məsələ yalnız qanunların qəbul olunması ilə bitmir — onların real həyatda düzgün və ardıcıl şəkildə tətbiqi həlledici rol oynayır.
“Bundan əlavə, iqtisadi mühitin liberallaşdırılması – yəni biznes üçün maneələrin minimuma endirilməsi – beynəlxalq təcrübədə investisiya axınlarını artıran əsas amillərdən sayılır. Gömrük sisteminin sadələşdirilməsi, prosedurların rəqəmsallaşdırılması, lisenziya və icazə proseslərinin sürətləndirilməsi həm yerli sahibkarların işini asanlaşdırır, həm də xarici investorların ölkəyə marağını artırır. Sinqapur, Cənubi Koreya və Birləşmiş Ərəb Əmirlikləri kimi uğurlu ölkə nümunələri göstərir ki, şəffaf qaydalar, sürətli xidmət və dövlət orqanlarının biznesə qarşı açıq münasibəti iqtisadi rəqabət qabiliyyətini xeyli yüksəldir. Bu baxımdan, beynəlxalq arbitraj mexanizmlərinə uyğun mübahisə həlli yollarının mövcudluğu, xarici investisiyaların müdafiəsi üzrə təminatların gücləndirilməsi də Azərbaycanda hüquqi mühitə inamı artıran vacib addımlardır. Bu çərçivədə Ələt Azad İqtisadi Zonasının potensialından düzgün istifadə xüsusi strateji əhəmiyyət daşıyır. Zona yalnız vergi və gömrük güzəştləri ilə deyil, coğrafi mövqeyi, Bakı Limanı və beynəlxalq nəqliyyat dəhlizləri ilə əlaqəsi sayəsində böyük imkanlar yaradır. Amma yenə də əsas məsələ normativ bazanın kağız üzərində deyil, real biznes mühitində işləməsidir”, - deyə o diqqətə çatdırıb.
R.Qaraşov əlavə edib ki, Ələt modeli Sinqapur modeli kimi uğurlu iqtisadi zonaların təcrübəsini tətbiq etməklə, investorlar üçün sadə və şəffaf qaydalar, operativ xidmət, təhlükəsiz hüquqi mühit və açıq biznes-dövlət əməkdaşlığı təmin edə bilsə, bu, həm iqtisadiyyatın şaxələndirilməsinə, həm də Azərbaycanın regionda güclü investisiya mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə ciddi töhfə verəcək.