BAKI, 4 dekabr. TELEQRAF
Rusiyanın iri onlayn alış-veriş platformaları "Wildberries" və "Ozon" Hindistan istehsalı olan məhsullara tələbatın sürətlə artdığını açıqlayıb.
Teleqraf bu barədə RBK-ya istinadən xəbər verir.
Belə ki, Wildberries-in baş icraçı direktoru Robert Mirzoyan bildirib ki, rusiyalı satıcılar Hindistan mallarını daha çox idxal edir və platformada satışa çıxarırlar. Hətta bu məqsədlə “Hindistanda istehsal edilib” adlı xüsusi vitrin açılıb. Şirkət bu il Hindistan məhsullarının satışının 135 milyon dollara çatacağını gözləyir.
"Ozon"da da oxşar dinamika müşahidə edilib. Platformada artıq 400 milyondan çox Hindistan məhsulu var və satıcıların bu ölkədən gətirdiyi malların sayı il ərzində 46% artıb.
Rusiya hökuməti də Hindistan şirkətlərini ölkənin onlayn ticarət platformalarına çıxmağa təşviq edir. Hindistanın Ticarət və Sənaye Nazirliyinə görə, ölkənin Rusiyaya ixracı 2023–2024 maliyyə ilində 4,26 milyard dollara yüksəlib.