AZ

Ankara Ermənistan ilə münasibətlərdə hər zaman Azərbaycanın maraqlarını nəzərə alıb - ŞƏRH

Bakı, 4 dekabr, AZƏRTAC

Bu gün Ermənistanın Türkiyə ilə sərhədləri açmağa çalışması və rəsmi Ankaranın bu istəyə müsbət yanaşması Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfər nəticəsində yaranan siyasi reallıqların nəticəsidir. Azərbaycanın qələbəsindən sonra Ermənistanın siyasi elitası uzun müddət təcrid vəziyyətində qala bilməyəcəyini aydın şəkildə başa düşdü.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin “Haber 365” media qrupunun rəhbəri, siyasi ekspert Yakub Aslan deyib.

Onun sözlərinə görə, Qarabağın işğaldan azad edilməsi regionda sülh prosesinin əsasını qoydu.

“Rəsmi Bakı nəqliyyat dəhlizlərini inkişaf etdirmək istiqamətində ölkə daxilində böyük infrastruktur layihələr həyata keçirdi ki, bu da Ermənistana nümunə oldu. Dəhlizlərdən istifadə etmək üçün region dövlətləri arasında sülhün hökm sürməsi zəruridir. Bir dövlətin digəri ilə münaqişə vəziyyətində qalması beynəlxalq marşrutların fəaliyyətini və investisiya cəlb edilməsini mümkünsüz edir. Bu baxımdan Ermənistan Azərbaycanın nəqliyyat və tranzit potensialını düzgün qiymətləndirərək, Zəngəzur dəhlizinin qurulmasına dəstək verərək öz ərazisində ABŞ sərmayəsi hesabına infrastruktur layihələr həyata keçirməyə başlayıb”, - deyə ekspert əlavə edib.

Zəngəzur dəhlizinin Ermənistan üçün də təcrid vəziyyətindən çıxmaq anlamına gəldiyini deyən Yakub Aslan ilk dəfə cari ilin oktyabrında Qazaxıstandan yola salınan 1000 ton taxıl ilə yüklənmiş qatarın Azərbaycan ərazisindən keçərək Ermənistana daxil olmasına icazə verilməsinin rəsmi Bakının məqsədinin yalnız sülh olduğunu deməyə əsas verdiyini sözlərinə əlavə edib. Siyasi ekspert nəzərə çatdırıb ki, nəinki Türkiyə, eləcə də, ABŞ bu addımı dəstəkləyərək dəhlizin inkişafı üçün sərmayə yatıracağını açıqlayıb ki, bu da dəhlizin beynəlxalq ticarət üçün mühüm olduğunu göstərir: “Türkiyəyə gəlincə, qeyd etmək lazımdır ki, rəsmi Ankara Ermənistan ilə münasibətlərdə hər zaman Azərbaycanın maraqlarını nəzərə alıb və rəsmi Bakının mövqeyindən çıxış edib. Düşünürəm ki, bu gün Türkiyənin Ermənistan ilə sərhədləri açmaq məsələsi Azərbaycansız həyata keçməyəcək. Türkiyə hər zaman Azərbaycana istər hərbi, istərsə də humanitar sahələrdə dəstəyini davam etdirəcək. Zənnimcə, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması Zəngəzur dəhlizinin də fəaliyyətini intensivləşdirəcək və daşınan yüklərin həcminin artmasına imkan verəcək ki, bu da region dövlətləri üçün faydalı olacaq”.

Seçilən
47
azertag.az

1Mənbələr