Gizli danışığlardan bilinib ki, Makron Avropa liderlərinə ABŞ barədə xəbərdarlıq edib.
İnterpress.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı məlumat yayıb.
Fransa prezidenti Emmanuel Makron Avropa liderləri ilə keçirdiyi qapalı görüşdə xəbərdarlıq edib ki, ABŞ-ın təhlükəsizlik zəmanəti olmadan Ukrayna əraziləri məsələsində Kiyevə xəyanət etməsi ehtimalı var.
Jurnalın əldə etdiyi sızdırılan qeydlərə görə, Makron bu vəziyyəti Zelenski üçün böyük təhlükə adlandırıb.
Söhbət zamanı Almaniya kansleri Fridrix Merts də Ukrayna liderinə çox ehtiyatlı olmağı tövsiyə edib. O, ABŞ nümayəndələrini nəzərdə tutaraq, “Onlar həm sizinlə, həm də bizimlə oyun oynayırlar” ifadəsini işlədib.
Finlandiya prezidenti Aleksandr Stubb isə “Ukraynanı və Volodimiri bu adamlarla tək buraxmamalıyıq” deyə narahatlığını bildirib. NATO-nun baş katibi Mark Rutte də Zelenskinin qorunması fikri ilə razılaşıb.
Fransa prezidentinin ofisi Makrona aid edilən sitatları təkzib edib, digər tərəflər isə şərh verməkdən imtina ediblər.
Xuraman Etibarlı
İnterpress.az