"2025-ci ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin Agrar İnnovasiya Mərkəzi tərəfindən bölgələrdə məhsul festivallarına start verilib. İl ərzində 19 bölgədə məhsul festivalı keçirilib. Əsas məqsəd bölgələrdə iqlim şəraitinə uyğun olaraq klasterin formalaşdırılmasıdır. O cümlədən qeyd etmək istərdim ki, bu festivallar vasitəsilə bölgələrdə emal müəssisələrinin yaradılmasını təşviq edirik".
Far.Az-in Neftçalaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Agrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov 90-cı yubiley Aqrar Biznes Festivalı və cari ilin son məhsul festivalı - "1-ci Balıq Festivalı" çərçivəsində jurnalistlərə bildirib.
A.Cəfərov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən gələn ilin may ayında təşkil olunacaq Caspian Agro sərgisində təmsil olunacaqlar.
O vurğulayıb ki, 19 bölgədə Məsul festivalları keçirilib və Caspian Agro sərgisində Azərbaycan bölgələri pavilyonu adı altında bu festivalların keçirildiyi bölgələr təmsil olunacaqlar. Bu, 400-dən çox şirkətin və 40-dan çox ölkədən gələn beynəlxalq təşkilatların birbaşa əlaqədə olmasına və təcrübə mübadiləsinə imkan verəcək.
Anar Cəfərov əlavə edib ki, bugünkü tədbir biznes festivallarının 90-cısıdır və yubiley tədbiridir. Bu festivalların əsas məqsədi təchizatçı müəssisələr və şirkətlərlə fermerlər arasında əlaqələrin qurulması və möhkəmləndirilməsidir, həmçinin dövlət-özəl tərəfdaşlığının inkişafına xidmət edir. Tədbirdə iştirak edənlərin sayı yüksəkdir və belə tədbirlər bütün bölgələrdə sakinlər tərəfindən müsbət qarşılanır. Bu isə həmin ilin yekun tədbiri olaraq təşkil olunub.
Orxan Hüseyn