Bakı, 4 dekabr, Sevda Cəfərova, AZƏRTAC
“Misir Milli Kitabxanası və Arxivləri” mərkəzinin əlyazmalar bölməsində aşkar etdiyimiz Azərbaycan alimlərinə aid digər bir əsər Mahmud əl-Qarabağinin “Mühazirələr” kitabıdır.
Bunu AZƏRTAC-a açıqlamasında Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri dosent Elnur Mustafayev söyləyib. O bildirilib ki, Mahmud ibn Məhəmməd Qarabağinin doğum tarixi dəqiq məlum olmasa da, vəfatı Miladi təqvimlə 1536-cı ilə təsadüf edir. O, Qarabağda doğulub, ilk təhsilini orada aldıqdan sonra biliklərini artırmaq məqsədilə dövrünün bir sıra elm mərkəzlərinə gedib, daha sonra İznik şəhərində mədrəsədə müəllim kimi fəaliyyət göstərib və elə həmin şəhərdə vəfat edib. Tarix, tərcümə və təzkirə kitablarında onun geniş biliklərə sahib olduğu, fəlsəfə, məntiq, hüquq və digər elm sahələrində orijinal əsərlər yazdığı, Osmanlı sarayında böyük nüfuza sahib olduğu qeyd edilir.
“Alimin ərsəyə gətirdiyi mühüm əsərlərdən biri də “Mühazirələr” kitabıdır. Müəllif kitabı ərəb dilində yazıb. Əsər struktur baxımından iyirmi üç fəsildən ibarət olmaqla müxtəlif mövzuları əhatə edir. Məsələn, kitabda III fəsil “Elmlər, onun nümayəndələri və hər ikisindən tələb olunan məsələlər”, IV fəsil “Səltənət, vəzirlik, ədalət, qəzavət, hərb, şücaət və qılınc”, VI fəsil “Hədiyyə, rüşvət, vəd və ənam” adlanır. Misir Milli Kitabxanasında qorunan əlyazma əsər Hicri-qəməri 1114, Miladi təqvimində 1702-ci ildə xəttat Məhəmməd Qəffari tərəfindən yazıya alınıb”, - deyə E.Mustafayev bildirib.
O vurğulayıb ki, azərbaycanlı alimlərin hər bir əsəri qiymətlidir. Lakin Qarabaği nisbəsi ilə olan alimlərin kitabları daha əhəmiyyətlidir: “Məsələyə ideoloji və informasiya müharibəsi kontekstindən yanaşsaq, orta əsrlərdə Qarabaği nisbəsi ilə yazan alimlərin əsərlərinin üzə çıxması bu ərazilərin tarixən hansı xalqa aid olduğunu sübut edir. Tədqiqat zamanı təsbit etdiyim azərbaycanlı alimlərin əsərlərinin əksəriyyətinin mövzusu fəlsəfə, məntiq, astronomiya, tibb elmlərinə aid idi ki, bu da orta əsrlərdə Azərbaycanda rasional və pozitiv elmlərə daha çox diqqət ayrıldığını göstərir”.