AZ

Kosmik asteroiddə şəkər və “saqqız” aşkar edilib

Ajans.az Nature Geoscience jurnalına istinadən xəbər verir ki,Tohoku Universitetindən Yoşihiro Furukavanın rəhbərlik etdiyi qrup Bennu nümunələrində riboza və ilk dəfə olaraq kosmik mənşəli qlükoza aşkar edib. Riboza RNT-nin əsas komponentidir və bu tapıntı, daha əvvəl müəyyən edilmiş nukleobazlar və amin turşuları ilə birlikdə, həyatın ilkin tikinti bloklarının erkən Günəş Sistemində geniş yayıldığını göstərir. Maraqlı məqamlardan biri, DNT üçün vacib olan deoksiriboza şəkərinin nümunələrdə tapılmamasıdır. Alimlər bunun “RNT dünyası” hipotezini dolayı yolla dəstəklədiyini bildirirlər. Bu nəzəriyyəyə görə, Yer üzündə ilkin həyat formaları DNT-dən əvvəl RNT-yə əsaslanmış ola bilər. İkinci tədqiqatda isə nümunələrdə əvvəllər heç bir meteoritdə qeydə alınmayan sirli polimerə bənzər maddə aşkar edilib. Oksigen və azotla zəngin olan bu zəncirvari materialın Bennunun əcdadı olan kosmik cismin içərisində suyun yaranmasından əvvəl əmələ gəldiyi ehtimal olunur. Alimlər maddəni “kosmik saqqız”la müqayisə edirlər: onun əvvəlcə yumşaq və elastik olduğu, sonradan sərtləşsə də müəyyən dərəcədə deformasiyaya uğrama qabiliyyətini saxladığı bildirilir. Analizlər göstərib ki, onun kimyəvi tərkibi poliuretan materiallarını xatırladır, lakin daha nizamsız quruluğa malikdir. Bu cür mürəkkəb üzvi maddələr Yer üzərində həyatın yaranmasına gətirib çıxara biləcək kimyəvi proseslər haqqında yeni ipucları təqdim edir. OSIRIS-REx missiyası üzərində işlər davam edir və tədqiqatçılar Bennu nümunələrinin Yer, Günəş və ümumiyyətlə həyatın mənşəyi barədə yeni kəşflərə yol açacağına inanırlar.

 

Seçilən
157
Ajans.az

1Mənbələr