
Azərbaycanın Şimal-Qərb regionu ölkənin xüsusi turizm bölgələrindən biri kimi tanınır və bu ərazidə xüsusilə Şəki rayonu həm milli, həm də dünya mədəniyyətinə aid çoxsaylı tarixi və memarlıq nümunələrinin cəmləşdiyi nadir məkan hesab olunur. Şəkinin zəngin mədəni irsi ilə yanaşı, aqroturizm və ekoturizm üçün böyük potensialı da regionu turistlər üçün daha da cəlbedici edir.
Missiya.Az xəbər verir ki, bu məqsədlə Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə dekabrın 2-si və 3-də media nümayəndələri üçün UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan Şəki şəhərinə mediatur təşkil edilib. Səfərin ilk günü Qafqazın ilk aqro ekoturizm məkanı “Bio Garden”ə səfər təşkil edilib. Bu turizm modeli həm fermerlər, həm də turizm sənayesi üçün əlavə gəlir imkanı yaradır, eyni zamanda yerli mədəniyyətin və adət-ənənələrin təbliğinə xidmət edir. Şəki və ümumilikdə Şimal-Qərb regionu aqroturizm sahəsində də sürətlə inkişaf edir. Dövlət tərəfindən aqroturizm fəaliyyətinə dəstək göstərilir, fermer təsərrüfatlarında yaradılan layihələr həm turistlər üçün yeni təcrübə imkanı yaradır, həm də sahibkarlar üçün əlavə gəlir mənbəyi formalaşdırır. Aqroturizm çərçivəsində turistlər kənd həyatını yaxından tanıya, təsərrüfat işlərində iştirak edə və ekoloji təmiz məhsullar dadaraq yerli mədəniyyətlə birbaşa təmas qura bilirlər. Bu xüsusiyyətlərinə görə Şəki regionu ölkənin aqroturizm mərkəzlərindən birinə çevrilməkdədir.
Daha sonra "Azəripək" Açıq Səhmdar Cəmiyyətinə baş çəkilib. Bu sexdə 120 nəfər çalışır və onların böyük əksəriyyəti qadınlardır. Məhz burada baramadan xamm ipək əldə olunur. Bundan əlavə, müəssisənin digər sexlərində atlas parça, kəlağayı parçası toxunur, həmçinin fəaliyyət göstərən dükanlar mövcuddur. "Əliəhməd şirniyyat evi"ndə Şəki halvasının hazırlanması prosesi ilə tanışlıq da səfər iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sonrakı səfərdə Şəkinin duluzçuluq sənət növü ilə tanışlıq olub. Yerli sahibkar Əhəd Məmmədov tərəfindən master-klass təşkil edilib.
Turun ikinci günü jurnalistlər “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunu ziyarət edərək, burada yerləşən tarixi abidələr, maddi-mədəniyyət nümunələri və XVIII əsrə aid Şəki Xan Sarayı haqqında ətraflı məlumat əldə ediblər. Xan Sarayı Azərbaycanın ən qiymətli memarlıq incilərindən biri kimi xüsusi diqqət çəkib. Mediaturun növbəti mərhələsində jurnalistlər sahibkar Sevinc Bayramovaya məxsus “Süsən” istehsalat müəssisəsində olaraq, buradakı ənənəvi sənətkarlıq nümunələri ilə tanış olublar. Onlara “Süsən” brendi ilə hazırlanan kəlağayıların istehsal prosesi, çeşidləri, daxili və xarici bazarda tələbat, həmçinin turistlərin bu məhsula göstərdiyi maraq barədə məlumat verilib. Bu kimi müəssisələr regionun mədəni irsinin qorunmasına və turizm potensialının genişlənməsinə mühüm töhfə verir.
Gələcək dövrdə Şimal-Qərb regionunun, xüsusilə də Şəkinin Azərbaycanın aparıcı turizm destinasiyalarından biri kimi daha da inkişaf edəcəyi gözlənilir. Dövlət Turizm Agentliyi regionun turizm potensialının artırılması, yerli imkanların tanıdılması və sahibkarlara marketinq dəstəyi göstərilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu təşəbbüslər həm regionun sosial-iqtisadi inkişafına, həm də ölkənin turizm sektorunun genişlənməsinə mühüm töhfə verir.
Səfər müddətində media nümayəndələrinin maraq doğuran sualları ətraflı cavablandırılıb.

İlahə Qənbərli
Missiya.Az