AZ

Vaşinqtonun “nüvə mesajı”: ABŞ və İsrail Tehrana qarşı oyunu sərtləşdirir

Yaxın Şərqdə geopolitik balansın ən həssas boğazlarından biri sayılan İran nüvə proqramı ətrafında vəziyyət yenidən kəskinləşib. ABŞ Müdafiə Nazirliyinin İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi genişmiqyaslı hava zərbələrinin detallarını açıqlaması bölgədəki gərginliyi daha da artırıb və proseslərin təhlükəli istiqamətə doğru hərəkət etdiyini göstərib. Vaşinqtonun açıqlaması həm regional güclərin, həm də beynəlxalq birliyin diqqətini yenidən İran məsələsinə yönəldib. Bu addım ABŞ-ın mümkün yeni strateji planlara keçdiyinin və Tehranla qarşıdurmanın daha sərt mərhələyə keçə biləcəyinin siqnalı kimi qiymətləndirilir. Artıq bir çox analitiklər Vaşinqton və Tel-Əvivin İranın nüvə proqramını tamamilə neytrallaşdırmaq, hətta İranda siyasi dəyişikliklərə zəmin yaratmaq məqsədilə koordinasiyalı addımlar atdığı qənaətindədir.

Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli Editor.az-a açıqlamasında bildirib ki, ABŞ-ın son addımları Vaşinqton və Tel-Əvivin İrana qarşı yeni hərbi mərhələyə hazırlaşdığını göstərir.

Onun sözlərinə görə, artıq proseslər təkcə siyasi bəyanatlar səviyyəsində deyil, real hərbi infrastrukturun hərəkətlənməsi şəklində özünü büruzə verir:

“Vaşinqton İrana qarşı yeni müharibəyə hazırlaşır və İsraillə birlikdə Tehrana qarşı yeni plan həyata keçirmək niyyətindədir. Bu dəfə məqsəd təkcə nüvə proqramını məhdudlaşdırmaq deyil, həm də ölkədə siyasi dəyişikliklərə nail olmaq ola bilər. Hazırda proseslər informasiya müharibəsi və qarşılıqlı mesajlar səviyyəsində davam edir. Lakin unutmamalıyıq ki, Aralıq dənizinə ciddi silahlanma, o cümlədən təyyarədaşıyan gəmilərin cəlb olunması və oradan yönləndirilən hərbi hazırlıq artıq nəzarətdən çıxan bir vəziyyətə çevrilir”.

Politoloq qeyd edib ki, İran son günlər daha yumşaq bəyanatlar səsləndirsə də, bu Tehranın zərbələrin miqyasından xəbərdar olması ilə bağlıdır:

“Görünür ki, İran tərəfi danışıqlara yol tapmaq məqsədilə daha konstruktiv açıqlamalar verir. Lakin onların özlərinin də əldə etdiyi informasiyaya əsasən, böyük ehtimalla İran vurulmalıdır və bu səbəbdən prosesləri yumşaltmağa çalışırlar”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
46
editor.az

1Mənbələr