Bakı, 4 dekabr, AZƏRTAC
Daşkənddə “Süni intellekt və beynəlxalq hüquq” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC Özbəkistanın UzA informasiya agentliyinə istinadla xəbər verir ki, tədbirdə Birləşmiş Millətlər Təşkilatının, dövlət qurumlarının, xarici və yerli ali təhsil müəssisələrinin, tədqiqat mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Görüş zamanı süni intellektin hüquqi tənzimlənməsi tendensiyaları, beynəlxalq standartlar, informasiya mübadiləsi mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılara Özbəkistanın bu sahədə milli strategiyası və praktiki təşəbbüsləri barədə də məlumat verilib.
Tədbirin yekununda Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində siyasət, hüquq və iqtisadiyyat sahələrində süni intellektin tədqiqi üçün xüsusi mərkəzin yaradılması məsələsinə baxılıb. Süni intellektin səhiyyə, kənd təsərrüfatı, bank və maliyyə, vergi və gömrük sahələrində tətbiqi imkanları da müzakirə olunub.