AZ

Ursula Fon der Lyayen və Kaya Kallas korrupsiya qalmaqalından uzaq durmağa çalışırlar

Bakı, 4 dekabr, AZƏRTAC

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ-nin yüksək vəzifəli sabiq diplomatları ilə bağlı səs-küylü korrupsiya qalmaqalından uzaq durmağa çalışırlar.

AZƏRTAC xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, Avropa Komissiyasının rəsmiləri Ursula fon der Lyayenin bu işdə iştirak etmədiyini və istintaqın başqa quruma qarşı aparıldığını bildiriblər. Onlar, həmçinin Avropa Komissiyasının sədrinə hücumları “ədalətsiz və ehtiyatsız” adlandırıblar.

Nəşr qeyd edir ki, korrupsiya qalmaqalı Ursula fon der Lyayenlə Kaya Kallas arasındakı gərginlik fonunda baş verib. Kaya Kallas Avropa diplomatik xidmətinin əməkdaşlarına məktubunda Avropa İttifaqının diplomatik xidmətinin sabiq rəhbəri və Avropa Kollecinin rektoru Federika Moqerini və Avropa Xarici Fəaliyyət Xidmətinin sabiq baş katibi Stefano Sanninoya qarşı ittihamlardan şoka düşdüyünü yazıb. Avropa diplomatiyasının rəhbərinin sözlərinə görə, son aylarda onun komandası daxili islahatların həyata keçirilməsinə, o cümlədən dələduzluqla mübarizə strategiyasının hazırlanmasına başlayıb və Avropa Prokurorluğu ilə əməkdaşlığı gücləndirib.

Bir müddət öncə Avropa Komissiyası və Avropa Baş Prokurorluğu Belçika polisinin və Avropa Baş Prokurorluğunun Avropa Xarici Fəaliyyət Xidmətinin baş qərargahında, Avropa Kollecində və bir neçə şəxsi evdə axtarış apardığını və bu axtarışlar zamanı üç nəfərin saxlanıldığını təsdiqləyib.

İtaliya mətbuatının məlumatına görə, saxlanılan şəxslər ifadələri alındıqdan sonra “qaçma riskləri olmadığı” üçün sərbəst buraxılıblar. Bununla belə “La Repubblica” qəzeti Belçika polisi tərəfindən sorğu-sualdan sonra saxlanılan hər üç şəxsə qarşı rəsmi ittihamın irəli sürüldüyünü yazıb.

Seçilən
56
azertag.az

1Mənbələr