"Uitkoffun danışıqlara yanaşması klassik diplomatiyanın emosional tonundan tam uzaqdır. Onun baxışı korporativ dünyadan gələn soyuq hesablama üzərində qurulub: risk analizi, resurs bölgüsü, logistika marşrutları, enerji axınları, maliyyə dəyəri və siyasi dividendlərin səmərəliliyi. Tramp administrasiyasında bu yeni model artıq əsas xəttə çevrilib. Küşner isə bu modelin Avrasiyaya tətbiq olunan kommunikasiya və koordinasiya mərhələsini idarə edən incə memardır - yumşaq üslubla sərt nəticələr əldə etmək onun əsas taktiki xəttidir.
Moskva üçün isə bu görüşlərin motivasiyası daha çılpaq və bir o qədər də qaçılmazdır. ABŞ-ın Rusiyaya qarşı tətbiq edə biləcəyi 100 faiz tarif riski, enerji bazarlarının dəyişkənliyi, iqtisadi tənəzzül və resursların tükənməsi Putini alternativsiz danışıqlara gətirir. Uşakov isə bu görüşlərdə Kreml üçün "zamin mexanizmi" rolunu oynayır: o, hər sözün, hər razılaşmanın yazılı və hüquqi təminatını istəyir. Moskvanın məqsədi Ukraynada müharibəni bitirmək deyil - onu Rusiyanın daxili auditoriya qarşısında "məğlubiyyət kimi görünməyəcək" dondurulmuş vəziyyətə gətirməkdir.
Bu prosesin Ukrayna üçün nəticələri sərt və çoxlaylıdır. Birincisi, ərazi məsələlərinin geosiyasi reallıq əsasında yenidən çərçivələnməsi artıq qaçılmaz görünür. Uitkoff üçün emosiyalar yox, faktiki mövqe, nəzarət zonaları və sərhəd təhlükəsizliyi əsasdır. Bu isə bir sıra bölgələrin Kiyevin siyasi xəritəsinə geri qaytarılmasının real gündəmdə olmadığını göstərir. İkincisi, Ukraynanın NATO xətti faktiki olaraq dondurulur. Vaşinqton Kiyevə dəstək verəcək, lakin blok üzvlüyü məsələsini açıq saxlamayacaq. ABŞ üçün bu model daha az riskli və daha idarəolunandır. Üçüncüsü, Ukraynaya böyük iqtisadi paket təklif ediləcək - enerji infrastrukturunun bərpası, sənaye investisiyaları, aqrar ixrac marşrutlarının genişləndirilməsi və borc yüngülləşdirməsi. Amma qarşılığında Kiyev siyasi elastiklik göstərmək məcburiyyətində qalacaq.
Post-sovet məkanı da bu prosesdən ciddi təsirlənəcək. Rusiya artıq regionun dominant gücü deyil, yalnız "razılaşma partnyoru" statusundadır. Qafqazda yeni geosiyasi dinamika formalaşır: ABŞ praqmatik xətt ilə regiona qayıdır, Rusiya təsirini saxlamaqda çətinlik çəkir, Azərbaycan və Türkiyə isə enerji, təhlükəsizlik və logistika üçbucağında real mərkəzə çevrilir. Mərkəzi Asiya isə Orta Dəhliz üzərindən ABŞ-Türkiyə-Azərbaycan xəttinin daha güclü elementi olur. Uitkoff modelinin tətbiqi Rusiyanın yumşaq güc imkanlarını daraldır və Avrasiyada yeni çoxqütblü struktur yaranır.
Bu dialoqların strateji nəticəsi aydındır: 30 illik postsovet nizamı artıq tarixi mərhələsini başa vurur. Onun yerinə daha sərt, daha praqmatik və real güc balansı üzərində qurulan yeni Avrasiya sistemi gəlir. Ukrayna kompromisə yönləndiriləcək, Rusiya mövqelərini qismən qorumağa çalışacaq, ABŞ isə regionda yeni güc arxitekturası quracaq. Azərbaycan və Türkiyə bu yeni düzənin əsas enerji-logistika və təhlükəsizlik qovşağına çevriləcək."
İbrahim Məmmədli