AZ

Rusiya-Ukrayna müharibəsi Ukraynanın xeyrinə olmayan nəticələrlə başa çatacaq



Rusiya imperiyası dövlət quruluşunun hansı formada olmasından asılı olmayaraq hər zaman təbəələrinə və vətəndaşlarına "rasxodnıy material" gözündə baxıb. Tarixən bu belə olub. İstər Çar Rusiyası zamanı, istərsə SSRİ zamanında, istərsə də indi. Bu imperiyada digər imperiyalara xas olan ümumi əlamət vardır. Nəyin bahasına olursa olsun ərazisini qorumaq, mümkün olduqca onu artırmaq. Müharibə zamanı yüz minlərlə rus əsgərinin ölməsinə vurğu vuraraq sülh müqaviləsinin bağlanmasına Rusiyanı razı salmağa çalışmaq və bu yöndə təbliğatı qurmaq düşməni tanımamaqdır. ABŞ nümayəndə heyətinin Rusiyadan əliboş qayıtması və ardından Putinin Avropa ilə müharibəyə hazır olmasını bəyan etməsi bu ölkənin mahiyyətini bir daha ortaya qoydu. Rusiya tarixinin yaxın 200 illik dövrünə baxsaq görərik ki, bu ölkə məhz uzun və tükəndirici müharibə taktikası hesabına qalib gəlmişdir. Təəssüf ki, Rusiya-Ukrayna müharibəsi də Ukraynanın xeyrinə olmayan nəticələrlə başa çatacaqdır. Bundan sonra qalib tərəf kimi Rusiyanın həm beynəlxalq nüfuzu, həm də dəstəyi artacaqdır. Tarixdən bildiyimiz kimi müharibədən qalib çıxan Rusiya hər zaman quduz it kimi ətrafındakı dövlətlərə təzyiq və hücumlar etmişdir. I Dünya müharibəsindən sonra da, II Dünya müharibəsindən sonra da bu belə olub. Bizim regiona Rusiyanın təsir imkanları Qarabağ müharibəsinin yekunlaşması ilə ciddi şəkildə azalmışdır. Ancaq Ermənistanda mövcud olan revanşist qüvvələr, nəqliyyat və enerji asılılığı bu ölkəni hələ də bölgəmizin zəif halqası edir. Ölkələrimiz arasında ABŞ-da imzalanmış anlaşmaya uyğun olaraq Ermənistanda aparılan və aparılması nəzərdə tutulan islahatlar, nəqliyyat yollarının açılması, Zəngəzur dəhlizi ilə bağlı aparılan işlər tarixi baxımdan qısa zaman kəsiyində Ermənistanda Rusiyaya meyllənməyi hüquqi cəhətdən qeyri-mümkün edəcəkdir. Odur ki, insanlıq baxımından nə qədər doğru olmasa da Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin imzalanmaması Qafqaz bölgəsinin xeyrinə işləyir.

Elçin Ağamalı
Seçilən
45
1
newscenter.az

2Mənbələr