AZ

Şəkidə “Süsən” brendinin kəlağıyı müəssisəsi kəlağıyını yenidən brendə çevirir » AzadMedia.az


Xəbər verdiyimiz kimi, Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə dekabrın 2–3-də media nümayəndələrinin Şəkiyə infoturu keçirilib. Səfərin əsas məqsədi bölgənin daxili turizm potensialını daha geniş nümayiş etdirmək, turistlər üçün yaradılan şərait, həyata keçirilən layihələr və yerli sənətkarlıq nümunələrini ictimaiyyətə təqdim etmək olub.

Infotur çərçivəsində jurnalistlər sahibkar Sevinc Bayramovaya məxsus “Süsən” istehsalat müəssisəsində də olublar. Burada media mənsublarına “Süsən” brendi ilə hazırlanmış kəlağıyılar, onların zəngin çeşidi, istehsalat prosesi, həmçinin daxili və xarici bazarda artan tələbat barədə məlumat verilib. Qeyd olunub ki, kəlağıyı bu gün Şəkinin həm sənətkarlıq ənənəsinin, həm də turizm brendinin mühüm elementlərindən biridir və xarici turistlərin xüsusi marağına səbəb olur.

Sevinc Bayramovanın yaratdığı özəl muzey jurnalistlərin diqqətini xüsusilə cəlb edib. Muzeydə 300 illik tarixi kəlağıyı nümunəsi qorunub saxlanılır ki, bu da Şəki kəlağıyı sənətinin zəngin köklərə söykəndiyini nümayiş etdirir. Səfər zamanı öyrənilib ki, əsl kəlağıyı ən incə şəkildə hazırlanmalı və üzükdən keçəcək qədər yüngül və zərif olmalıdır – bu isə qədim ustalıq məktəbinin əsas meyarlarından biri sayılır.

“Süsən” istehsalatı həm ənənəni yaşadır, həm də müasir dizaynla birləşdirərək kəlağıyını yenidən brendə çevirir. Infotur iştirakçıları bildiriblər ki, belə müəssisələrin fəaliyyəti Şəkinin turizm cəlbediciliyinin artmasına mühüm töhfə verir.


Seçilən
59
1
azadmedia.az

2Mənbələr