AZ

Diplomat: Gələn il hər iki ölkənin kino sənayesini əhatə edən birgə layihələrə başlanılacaq

Bakı, 4 dekabr, Günel Əliyeva, AZƏRTAC

Ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı anlaşmanın dərinləşdirilməsində mədəni mübadilə mühüm rol oynayır. Kino bu baxımdan ən təsirli vasitələrdən biridir. Filmlər ölkənin tarixini, xalqın düşüncə tərzini və cəmiyyətin keçdiyi sosial təcrübəni çoxşaxəli şəkildə əks etdirir. Uğur və çətinliklərə dair əhvalatlar tərəfdaş ölkələrə bir-birini daha yaxından tanımaq imkanı yaradır. Azərbaycan tamaşaçıları çilili rejissorların filmləri vasitəsilə bu Cənubi Amerika ölkəsinin cəmiyyətinin dünyagörüşünü, dəyərlərini və reallığı necə qəbul etdiyini daha dərindən hiss edə biləcəklər.

Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində Çilinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xuan Karlos Salasar Alvares söyləyib.

Onun sözlərinə görə, gələn il hər iki ölkənin kino sənayesini əhatə edən birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

“Bədii və sənədli filmlərin, eləcə də rəqəmsal platformalar üçün birgə layihələrin yaradılması baxımından çox əlverişli imkanlar mövcuddur. Biz bu əməkdaşlığı uzunmüddətli və perspektivli istiqamət kimi dəyərləndiririk”, – deyə o vurğulayıb.

Diplomat qeyd edib ki, onların əsas istəyi Çilidəki yaradıcı mühitin ruh və enerji baxımından Azərbaycan və digər ölkələrdəki yaradıcı atmosferə yaxın olduğunu göstərməkdir. Yaradıcılıq və özünüifadə azadlığı bir-birini tamamlayan anlayışlardır və təqdim olunan animasiya filmi bunu aydın şəkildə nümayiş etdirir.

Seçilən
42
1
azertag.az

2Mənbələr