AZ

“Biz birlikdə güclüyük”: Həmrəylik çağırışı

BMT tərəfindən 1992-ci ildə təsis olunan 3 Dekabr – Beynəlxalq Əlillər Günü əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsini, onların hüquqlarının təminini, inklüziv cəmiyyət quruculuğunda dövlət və vətəndaşların birgə məsuliyyətini diqqət mərkəzinə çəkir. Müasir dünyada əlillik sosial-siyasi və iqtisadi inkişafın strateji ölçülərindən biri kimi qəbul edilir: cəmiyyətin humanist dəyərlərə sadiqliyini, bərabərlik və ədalət prinsiplərinin real həyata keçirilməsini göstərən fundamental amildir.

Azərbaycanda da son illərdə həyata keçirilən sosial islahatlar, inklüziv təhsil modelinin inkişafı, reabilitasiya infrastrukturunun genişləndirilməsi əlilliyi olan şəxslərə yönəlik dövlət siyasətinin sistemli xarakter daşıdığını sübut edir. Bu prosesin davamlılığında həm peşəkar kadrların hazırlanması, həm ictimai şüurun dəyişdirilməsi, həm də institusional mexanizmlərin təkmilləşdirilməsi xüsusi əhəmiyyətə malikdir.

Əlillik fenomeninə çağdaş yanaşmalara aiddir: sosial model və insan hüquqları çərçivəsi

Son onilliklərdə əlilliklə bağlı nəzəri çərçivə ciddi transformasiyalar keçirmişdir. Tibbi modeldən fərqli olaraq, sosial model əlilliyi fərdin fiziki məhdudiyyətindən deyil, cəmiyyətin yaradıcı maneələrindən irəli gələn sosial problem kimi izah edir. Bu yanaşmanın əsas məqsədi fiziki və sosial mühitin inklüzivləşdirilməsi, bütün fərdlərin bərabər imkanlara malik olması üçün şərait yaradılmasıdır.

BMT-nin Əlillərin Hüquqları haqqında Konvensiyası (2006) əlilliyi olan şəxslərin təhsil, sağlamlıq, informasiya əldə etmək, məşğulluq, ictimai həyata qatılmaq kimi fundamental hüquqlarını təsbit etmişdir. Azərbaycan bu Konvensiyanın iştirakçısı kimi hüquqi və sosial sahədə dərin islahatlar həyata keçirməkdədir. 

inklüziv təhsil çərçivəsinin genişləndirilməsi,
maneəsiz mühit quruculuğu,
reabilitasiya sisteminin yenilənməsi,
əlilliyi olan şəxslərin məşğulluq proqramlarına daxil edilməsi.

Beləliklə, əlillik məsələsinə dövlət səviyyəsində strateji yanaşma müasir humanitar dövlət modelinin əsas göstəricilərindən biri kimi çıxış edir. Azərbaycanda əlilliyi olan şəxslərə dövlət qayğısı sosial siyasətin müasir mərhələsi kimi xarakterizə olunur. Son illər ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində kompleks addımlar atılmışdır. Bunların sırasında Reabilitasiya xidmətlərinin genişləndirilməsi, yeni yaradılmış regional reabilitasiya mərkəzləri müasir standartlara uyğun olaraq psixoloji, tibbi, sosial və peşə reabilitasiyası, İnklüziv təhsil modelinin formalaşması, Azərbaycanda inklüziv təhsil sahəsində aparılan islahatlar, məktəblərdə xüsusi təhsil ehtiyaclı uşaqlar üçün resurs otaqları, müəllimlərin pedaqoji bacarıqları artırılması üçün resurslar, 
inklüziv təhsil üzrə beynəlxalq standartlara uyğun kadr hazırlığı aparılır.

Bu xidmətlərin məqsədi əlilliyi olan şəxslərin maksimum müstəqilliyini təmin etmək, onların cəmiyyətə inteqrasiyasını gücləndirməkdir. Sosial müdafiə sisteminin şəffaflaşdırılması istiqaməti də vacib məqamlardandır. Əlillik dərəcələrinin qiymətləndirilməsi, müavinətlərin verilməsi və sosial xidmətlərin göstərilməsi sahəsində rəqəmsallaşma prosesi sosial ədalətin təmininə xidmət edir. Əmək bazarına inteqrasiya istiqamətinə nəzər salsaq “Əmək bacarıqlarının inkişafı”, “Məşğulluq marafonu”, “Əlilliyi olan şəxslərin özünüməşğulluğu” kimi proqramlar əlilliyi olan şəxslərə iqtisadi müstəqillik qazandırmağa yönəlib. Əllilik deyəndə artıq gözümüzün önündə daha fərqli bir səhifə açılır. 

44 günlük Vətən müharibəsi qaziləri:

Həm qəhrəmanlıq, həm də inklüziv cəmiyyət quruculuğunun sosial məsuliyyət daşıyıcıları! Qürurlandığımız insanlar! Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 44 günlük Vətən müharibəsi təkcə torpaqlarımızın azadlığı deyil, həm də milli birliyin, məfkurə bütövlüyünün rəmzinə çevrildi. Bu müharibədə yaralanaraq sağlamlığını itirən yüzlərlə qəhrəman gənc Qazilərimiz bu gün həm qürurumuz, həm də dövlətin sosial siyasətinin əsas hədəf qrupudur.

Qazilərə yönəlik dövlət dəstəyini də xüsusi olaraq qeyd etmək istərdim. Onların reabilitasiyası üçün yüksək texnologiyalı protez sistemi tətbiq olunur. Psixoloji dəstək mərkəzləri fəaliyyət göstərir. Məşğulluq və peşə hazırlığı proqramları genişləndirilir. Mənzil və avtomobil təminatı istiqamətində mühüm addımlar atılmaqdadır. 
Bu dəstəyin arxasında duran əsas məqam ondan ibarətdir ki, qazilər cəmiyyətin aktiv üzvləri kimi qəbul olunmalı, onların sosial həyata tam inteqrasiyası təmin edilməlidir.

Qazilər və inklüziv cəmiyyət modeli deyə düşünsək onlar həqiqətən bu cəmiyyətin görünən üzüdürlər. 44 günlük Vətən müharibəsinin qaziləri yalnız fiziki sağlamlığını deyil, həm də həyatlarının bir hissəsini Vətən uğrunda qurban vermiş şəxslərdir. Onların cəmiyyət tərəfindən qəbul olunması, əmək fəaliyyətinə qaytarılması, sosial mühitdə adekvat dəstək almaları inklüziv cəmiyyətin mühüm göstəricilərindəndir. Bu həm milli borcumuzdur, həm də sosial ədalət prinsipinin təcəssümüdür.

Gəlin bir də İnklüziv cəmiyyət konsepsiyasına nəzər salaq. Davamlı inkişafın əsas şərti olan inklüziv cəmiyyət yalnız hüquqi sənədlər və sosial proqramlarla deyil, eyni zamanda ictimai düşüncənin dəyişməsi, empatiyanın güclənməsi və sosial münasibətlərdə bərabərliyin real təmin edilməsi ilə mümkündür. Bu baxımdan isə
ictimai maarifləndirmə, stereotiplərin aradan qaldırılması, əlilliyi olan fərdlərin qabiliyyət və potensialının tanıdılması, əlçatan mədəni, sosial və ictimai məkanların yaradılması cəmiyyətin inkişafı üçün mühüm addımlardır.

Cəmiyyətin hər bir üzvü, dövlət qurumları, pedaqoqlar, tibb işçiləri, QHT-lər və vətəndaşlar  bu prosesin aktiv iştirakçısına çevrilməlidir.

3 Dekabr Beynəlxalq Əlillər Günü əlilliyi olan şəxslərin hüquq bərabərliyinin təmin edilməsi və sosial ədalətin gücləndirilməsi üçün bir xatırlatma, bir çağırışdır. Azərbaycan bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirərək həm reabilitasiya xidmətlərini, həm inklüziv təhsili, həm də ictimai şüuru müasir standartlara uyğun inkişaf etdirir. Bu istiqamətdə hər zaman qazilərimizin yanında olan "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyini qeyd etməyi özümə borc bilirəm. 

Və ümid edirəm ki, hər kəs əlindən gələni edəcək ki, əlilliyi olan şəxslər heç vaxt cəmiyyətdən kənarda qalmasınlar, hər zaman öz üzərlərində bu qayğını hiss etsinlər və cəmiyyətimizin ayrılmaz hissəsi olsunlar. 
Hər zaman sağlam, aktiv və uğurlu olun dəyərli qardaş və bacılarımız!

 

Nəhayət Məhəmməd qızı Şirinova
ADPU Quba filialı
Heydər Əliyev Lektoriyasının müdiri
"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvü

Seçilən
46
qht.az

1Mənbələr