Bu gün cəmiyyətimizdə xüsusi qayğıya ehtiyacı olan şəxslərin həyatına, onların gündəlik qarşılaşdıqları çətinliklərə və ən əsası, bərabərhüquqlu iştirakına diqqət yönəldilən əlamətdar gündür. “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi olaraq əsas məqsədimiz eşitmə məhdudiyyəti olan şəxslərin təhsil, sosial həyat və əmək mühitində daha görünən, daha anlaşılaraq qarşılanan və daha inklüziv şəkildə iştirak etməsinə şərait yaratmaqdır.
Təhsil müəssisələrində və ictimai mühitdə onların sərbəst və təhlükəsiz şəkildə ünsiyyət qura bilməsi üçün işarə dilinin tədrisi və tətbiqi bizim üçün mühüm prioritetdir. Çünki işarə dili yalnız bir kommunikasiya vasitəsi deyil, eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətlə bağ qurmasına, öz fikirlərini ifadə etməsinə və bacarıqlarını nümayiş etdirməsinə imkan yaradan vacib bir körpüdür.
Bu gün bir daha hər kəsi daha həssas olmağa, eşitmə məhdudiyyəti olan şəxslərə diqqətlə yanaşmağa, onların səsini eşitdirmək üçün bir addım atmağa çağırırıq. İnklüzivlik yalnız şüarlarla deyil, real addımlarla göstərildikdə əhəmiyyət qazanır.
Eyni zamanda, bu gün eşitmə və nitq məhdudiyyətli şəxslərin cəmiyyətdə üzləşdiyi real problemləri xatırlatma fürsətidir. Xüsusilə məşğulluq sahəsində çətinliklər hələ də davam edir. Peşələr öyrədilir, müxtəlif kurslar keçirilir, bacarıqlar formalaşdırılır, lakin təəssüf ki, işlə təminat problemi qalmaqdadır. Bu vəziyyət valideynlərin haqlı narazılığına səbəb olur və çox zaman onların suallarına tam cavab vermək mümkün olmur.
Bu səbəbdən aidiyyəti qurumlara bir daha səslənirik:
Eşitmə və nitq məhdudiyyətli şəxslərin məşğulluq imkanlarının genişləndirilməsinə dəstək olmaq zəruridir. Onlar bacarıqlıdır, məsuliyyətlidir və cəmiyyətimizin inkişafında aktiv rol oynaya biləcək potensiala sahibdirlər.
Eyni zamanda qeyd etməliyik ki, eşitmə məhdudiyyətli şəxslərin hamısı eyni vəziyyətdə deyil. Onlar eşitmə itkisinin faizinə görə qrupa bölünür: (81-100%, 61-80%, 31-60%) Bu baxımdan pensiya və müavinət məsələlərində fərdi yanaşma labüddür.
Dövlətimizin əlilliyin qarşısının alınması istiqamətində həyata keçirdiyi layihələr, eləcə də beynəlxalq təcrübələrin ölkəmizdə tətbiqi müsbət addımlardır. Cəmiyyətimizdə dövlətin dəstəyi ilə kiçik yaşlarından kohlear implant əməliyyatı olunaraq tam sağlam eşitmə qabiliyyəti ilə həyata qayıdan uşaqların olması sevindirici haldır. Bununla yanaşı, eşitmə cihazı vasitəsilə zəif də olsa eşidə və danışa bilən şəxslər, həmçinin eşitməsi tam məhdud olan insanlar da çoxdur. Məhz bu səbəbdən işarə dilinin ölkədə geniş yayılması və tətbiqinin artırılması onların cəmiyyətlə ünsiyyət qurması və sosial həyata tam şəkildə inteqrasiya etməsi üçün ən təsirli vasitələrdən biridir.
Lakin mexanizmlər işləyərkən əlilliyi olan şəxslərin real ehtiyaclarının və fərqli kateqoriyalarının nəzərə alınması xüsusi əhəmiyyət daşıyır.
Bu gün bir daha vurğulayırıq:
Onların ehtiyacı təkcə anlayışa deyil – ədalətli imkanlara, davamlı dəstəyə və əlçatan xidmətlərədir.
Təşkilatımızın #səssizliyinsəsiolaq şüarı isə hər zaman onların eşidilməyən səsini cəmiyyətə çatdırmaq məqsədilə fəaliyyət göstərir.
Cəmilə Çingizqızı
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin rəhbəri