ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İngiltərə çempionatının 14-cu turunda ''Mançester Siti'' ''Fulhem''in qonağı oldu. "Football-plus.az" xəbər verir ki, Xosep Qvardiolanın komandası az qala rəqibə ilin ən böyük geridönüşünə nail olmağa imkan verəcəkdi. ''Siti'' oyunun gedişində 5:1 öndə idi. ''Fulhem'' daha sonra 3 qol vuraraq fərqi minimuma endirsə də, xal qazanmağa gücü çatmadı. Maraqlıdı ki, buna qədər bu mövsüm evdə cəmi 3 qol buraxan London klubu bu dəfə 54 dəqiqəyə 5 top buraxdı! Bu matçda bütün diqqətlər Erlinq Holanna yönəlmişdi. Son 3 rəsmi oyunda meydanı qolsuz tərk edən norveçli qoleador nəhayət, fərqlənməyi bacardı. Oyunu 1 qol, 2 məhsuldar ötürmə ilə tamamlayan Holann premyer-liqada yubiley - 100-cü qolunu vurdu. O, bu göstəriciyə 111-ci oyunda nail olmaqla yeni rekord müəyyənləşdirdi və növbəti dəfə adını turnirin tarixinə yazdırdı! Əvvəlki rekord 100 qol həddinə 124-cü oyunda çatan əfsanəvi Alan Şirerə məxsus idi. Digər pillələrdə Harri Keyn (141), Serxio Aquero (147) və Tyerri Anri (160) qərarlaşıb. Maraq üçün bildirək, Holann daha öncə premyer-liqada 20 qol (14 oyuna), 30 qol (27), 40 qol (39) və 50 qol (48) həddinə də ən tez çatan futbolçu olmuşdu. Bu mövsüm klub və yığma səviyyəsində keçirdiyi 24 rəsmi oyunda onun aktivində 33 qol var!
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.