Düşənbə Rusiya ilə birgə sərhəd patrulu yaratmağı müzakirə edir...
Tacikistan Əfqanıstanla sərhəddə baş verən silsilə hücumlardan sonra Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə hərbi yardım barədə danışıqları intensivləşdirib.
Poliqon xəbər verir ki, bu barədə Reuters ölkənin təhlükəsizlik orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.
Mənbələrə görə, Tacikistan hakimiyyəti Rusiya ilə sərhədin birgə patrul edilməsi və bunun üçün Düşənbə yaxınlığındakı Rusiya hərbi bazasının imkanlarından istifadə edilməsini müzakirə edir. Təhlükəsizlik Şurasından olan mənbə bildirib ki, bu məsələ ilə bağlı qərarın həftə ərzində verilə biləcəyi istisna edilmir.
Danışıqların aktivləşməsinə səbəb 26 noyabr gecəsi Əfqanıstan tərəfdən açılan atəş və qumbaraatan dronlardan istifadə ilə həyata keçirilən hücum olub. Hadisə nəticəsində Çinin dağ-mədən şirkətində çalışan üç Çin vətəndaşı həlak olub. Sonrakı günlərdə sərhəd boyunca daha bir neçə oxşar hücum qeydə alınıb. Reuters yazır ki, ümumilikdə son bir həftədə baş verən insidentlərdə beş nəfər ölüb, daha beş nəfər yaralanıb.
Tacikistan rəsmiləri bildirirlər ki, sərhəddə artan təhlükəsizlik riski ölkəni KTMT çərçivəsində kollektiv yardım mexanizmlərini işə salmağa vadar edib. Düşənbə regionda sabitliyin qorunması üçün əlavə dəstəyə ehtiyac olduğunu vurğulayır.
Poliqon.info