BBC telekanalının materialındakı ittihamlar Tbilisidə siyasi gərginliyi artırıb…
Poliqon xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ölkədə kimyəvi silahdan istifadə edildiyi iddialarının araşdırılması üçün Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) rəsmi müraciət ünvanlayıb.
“Bu gün Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edərək de-fakto Gürcüstan hökuməti barədə qadağan olunmuş kimyəvi maddənin vətəndaşlara qarşı tətbiqi iddiasının araşdırılmasını xahiş etdim”, deyə hazırda bir neçə cinayət maddəsi üzrə məhkum olunan Saakaşvili sosial şəbəkədə yazıb.
Saakaşvilinin müraciəti BBC-nin 1 dekabr tarixli araşdırması fonunda səslənib. Həmin materialda iddia olunurdu ki, Gürcüstan hakimiyyəti 2024-cü ildə Tbilisidə keçirilən etiraz aksiyalarını dağıtmaq üçün Birinci Dünya müharibəsi dövrünün kimyəvi maddəsi, “kamit”dən istifadə edib. Bu maddədən vaxtilə fransız ordusu almanlara qarşı istifadə edib və 1930-cu illərdə dövriyyədən çıxarılıb. BBC-nin iddiası əsasən etiraz iştirakçılarının müsahibələrinə söykənib.
Gürcüstan hökuməti bu iddiaları “tamamilə yalan” adlandırıb və BBC-yə qarşı beynəlxalq məhkəmələrdə iddia qaldıracağını elan edib. Baş nazir İrakli Kobaxidze BBC materialını “hakimiyyəti şantaj etmək üçün hazırlanmış ucuz təxribat” kimi qiymətləndirib. Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti də bu məsələ ilə bağlı araşdırma başladıb və bunun “xarici təşkilata düşmən fəaliyyətində yardım” maddəsi üzrə aparıldığını bildirib. Xidmət BBC süjetində əsas kimi istifadə olunan müsahibələrin hansı məlumatlara əsaslandığını müəyyən etmək niyyətindədir.
Hadisə Gürcüstanda hakimiyyət və müxalifət arasında gərginliyin daha da artdığı bir vaxtda baş verir və iddiaların siyasi nəticələrinin bölgədə rezonans doğuracağı gözlənilir.
Poliqon.info