Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dekabrın 3-də Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün ilə görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, B.Muradova Azərbaycan ilə qardaş Türkiyə arasında əsrlərə söykənən əlaqələrdən danışıb və strateji tərəfdaşlıq, dostluq münasibətlərinin digər dövlətlər üçün örnək olduğunu söyləyib. O, xalqlarımızın tarixən daşıdıqları sülh və ədalət missiyasına bu gün də sadiq qaldıqlarını, bu əlaqələrin gələcəkdə də davam edəcəyini deyib.
Səfir B.Akgün iki ölkə arasında mehriban dostluq və qardaşlıq prinsiplərinə əsaslanan münasibətlərin, eləcə də strateji əməkdaşlığın bu gün ən yüksək səviyyədə inkişaf etdiyini bildirib. Tarix boyu ölkə liderləri arasında formalaşan səmimi münasibətlərin xalqlar arasında əlaqələrin dərinləşməsinə də öz təsirini göstərdiyini vurğulayıb.
Tərəflər ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıb, bu sahədə həyata keçirilən birgə layihə və təşəbbüslərin əhəmiyyətinə toxunublar.
Görüşdə, həmçinin iki qurum arasında imzalanmış “Ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu”nun 2023–2025-ci illər üzrə Fəaliyyət Planı çərçivəsində görülən işlərdən danışılıb. Növbəti 3 il üçün imzalanacaq yeni Fəaliyyət Planının gələcək fəaliyyətlər üçün yeni imkanlar açacağı vurğulanıb.