AZ

Dövlət sektorunda işə başlama saatları dəyişir – Unikal təklif

Bir sıra inkişaf etmiş ölkələrdə işə başlama və bitmə saatları fərqli olur. Yəni sektorlardan asılı olaraq iş saatları da qrafikə uyğun dəyişir. Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığını azaltmaq məqsədilə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişdirilməsi barədə Dövlət Proqramı qəbul edilib. Sənədə əsasən, 2025-2026-cı illərdə bu qurumların fəaliyyəti dəyişkən iş qrafiki prinsipi ilə tənzimlənəcək. Artıq müvafiq dövlət qurumlarına təhlillər aparmaq və yeni iş rejiminə keçidlə bağlı siyahı hazırlamaq tapşırılıb. Bütün bunları nəzərə alaraq Azərbaycanda fərqli iş saatları tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı NOCOMMENT.az-a iqtisadçı Natiq Cəfərli danışıb:

“Azərbaycanda bununla bağlı çoxdan müzakirələr gedir. Bu qrafiki ancaq dövlət işində tətbiq etmək mümkündür. Çünki Azərbaycanda muzdla çalışanların yarısı büdcədən maliyyələşir. Nazirliklərdə, dövlət idarələrində belə qrafiki tətbiq etmək asandır. Ancaq kommersiya təşkilatlarında bunu etmək olduqca müşküldür. Məsələn, kafe işlədən bir şəxs səhər yeməyi verirsə, o zaman əməkdaşı saat 11:00-da işə çağıra bilməz. Ona görə də, 900 minə yaxın büdcədən maliyyələşən təşkilatlarda bu qrafiki tətbiq etmək asan olar. Doğrudur, burada müəllimlər də var və onların da iş qrafikinin dəyişməsi lazım olacaq. Məsələn, yarım saatlıq fərqlərlə məktəblərin işə başlaması vacib olacaq. Ancaq Nazirliklər və dövlət şirkətlərində iş saatının bir saat gec başlaması və ya bitməsi iqtisadiyyata elə də ciddi problem yaratmayacaq. Bu sahələrdə belə bir qrafik tətbiq etmək daha rahat və mümkündür”, – ekspert yekunlaşdırıb.

Seçilən
139
nocomment.az

1Mənbələr