Paris, 3 dekabr, AZƏRTAC
“Odoxa-Mascaret” sorğusuna görə, Milli Birlik (Rassemblement National-RN) partiyasının sədri Jordan Bardella ikinci turda qarşısına çıxacaq hər bir namizəddən üstün görünür. O, sorğuda Eduard Filip (53%-47%), Qabriel Attal (56%-44%), Rafael Qlüksmən (58%-42%) və Jan-Lük Melanşon (74%-26%) qarşısında üstünlük göstərilib. Marine Le Pen isə sorğuda test olunmayıb.
AZƏRTAC xəbər verir ki, RN-nin sədr müavini Sebastyən Şenü Le Penin hələ də 2027-ci il seçkilərinə namizəd olduğunu bildirib.
“Əyilməz Fransa” (Lq France İnsoumise-LFI) partiyasının deputatı Matild Pano sorğulara çox önəm verməməyi tövsiyə edib. “Seçki seçki günü keçirilir, sorğular nəticəni əvvəlcədən müəyyən etmir”, - deyə o qeyd edib.
Ekspertlər xatırladır ki, erkən sorğular yalnız ictimai rəyin şəkilini göstərir və nəticələr seçki günü dəyişə bilər. Keçmişdə Fransua Fiyon, Alən Jüppe, Diminik Straus-Kan kimi namizədlər də erkən sorğularda favorit olublar, lakin seçkidə fərqli nəticələr alınıb.
Qeyd edək ki, Fransada 2027-ci il prezident seçkisinə bir il yarım qalmış namizədlər hələ də dəqiqləşməyib, sağ və sol blokda namizəd seçimi məsələləri davam edir.