Bakı, 3 dekabr, AZƏRTAC
İsrail ordusu Qəzza sektorunda qida axtararkən qətlə yetirilən fələstinlilərin cəsədlərini buldozerlərlə kütləvi məzarlıqda basdırır.
AZƏRTAC xəbər verir ki, CNN telekanalı bu barədə özünün apardığı təhqiqata istinadla məlumat yayıb. Telekanal basdırılan cəsədlərin qida axtarışında humanitar yardım paylama məntəqələrinə çatmağa cəhd edərkən öldürülən fələstinli mülki şəxslərə aid olduğunu qeyd edib. CNN-in təhqiqatına görə, belə qəbirlər konkret olaraq BMT-nin Ümumdünya Ərzaq Proqramı tərəfindən humanitar yardımın paylandığı Zıkım keçid məntəqəsi yaxınlığında var. Telekanal təhqiqat zamanı fotoşəkillərə, videolara və peyk görüntülərinə, eləcə də həm fələstinlilər, həm də İsrail ordusunun sabiq hərbçiləri arasında olan şahidlərlə müsahibələrə istinad edib.
CNN hüquq ekspertlərinə istinadla qeyd edib ki, İsrail ordusunun fələstinlilərə aid cəsədləri buldozerlə kütləvi məzarlıqda basdırmaları beynəlxalq hüququn pozulmasıdır. Beynəlxalq hüquqa görə, müharibə tərəfləri cəsədləri şəxsiyyətlərini müəyyən etməyə imkan verəcək şəkildə dəfn etməlidirlər. Cəsədləri şəxsiyyətləri müəyyən edilə bilməyəcək şəkildə basdırmaq Cenevrə Konvensiyalarına görə müharibə cinayəti sayılır.