AZ

İskəndəriyyə kitabxanası: Şərqşünaslıq İnstitutunun təqdim etdiyi kitablar kolleksiyanı zənginləşdirməyə töhfə verir

Bakı, 3 dekabr, AZƏRTAC

Misir Ərəb Respublikasının İskəndəriyyə kitabxanasının direktoru professor Əhməd Abdullah Zayed AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutuna təşəkkür məktubu ünvanlayıb.

Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan bildirilib.

Kitabxananın rəhbəri ötən ay Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin Misirə elmi səfəri zamanı hədiyyə olunan kitablara görə institut rəhbərliyinə təşəkkür bildirib.

Professor Əhməd Abdullah Zayedin Elnur Mustafayevə ünvanladığı məktubda institut rəhbərliyinə və Elnur Mustafayevə müraciətlə bildirilir: “İskəndəriyyə Kitabxanası elmi heyəti adından kitabxanaya təqdim etdiyiniz hədiyyələrə görə dərin təşəkkürümü bildirməkdən məmnunluq hissi duyduğumu ifadə etmək istəyirəm. Sizin dəyərli hədiyyələriniz — İskəndəriyyə kitabxanasına təqdim etdiyiniz kitablar — kitabxananın kolleksiyasının zənginləşməsinə mühüm töhfə verəcək.

Bir daha fürsətdən istifadə edib, təqdim etdiyiniz dəyərli hədiyyələrə görə Sizə öz səmimi təşəkkürlərimizi bildiririk. Sizi kitabxana ilə əlaqəni davam etdirməyə, onun xidmətlərindən və imkanlarından yararlanmağa dəvət etməkdən şadıq”.

Qeyd edilib ki, İskəndəriyyə kitabxanasına akademik Gövhər Baxşəliyevanın ingilis və fars dillərində nəşr olunan “Nizami Gəncəvinin milli identikliyi”, ingilis dilindən rus dilinə tərcümə etdiyi “Əsassız erməni iddiaları və tarixi faktlar. Suallar və cavablar”, Elnur Mustafayevin “Şuşanın maddi-mədəni irsi (epiqrafik abidələr əsasında)” kitabları, institutda 8 dildə çap olunmuş “Azərbaycanın mədəniyyət paytaxtı: Şuşa” adlı bukletin ərəb, ingilis və Azərbaycan dillərində olan nüsxələri və digər kitablar hədiyyə edilib.

 

Seçilən
130
azertag.az

1Mənbələr