AZ

Binaların elektrik enerjisi ilə isidilməsi ilk növbədə insanların təhlükəsizliyinə xidmət edir - AÇIQLAMA

Bakı, 3 dekabr, AZƏRTAC

Ölkəmizdə mövcud olan çoxmərtəbəli binalardakı mənzillərin qazla deyil, elektrik enerjisi ilə isidilməsi planlaşdırılır. Burada əsas məqsəd nədir və iqtisadi cəhətdən sakinlərin büdcəsinə necə təsir edəcək?

İqtisadçı Eldəniz Əmirov AZƏRTAC-ın sualına cavab olaraq bildirib ki, yaşayış binalarının qazla deyil, elektrik enerjisi ilə qızdırılması təbii olaraq daha məqsədəuyğun olardı. Çünki bu tip yanaşma ilk növbədə təhlükəsizlik baxımından önəmlidir.

“Təbii ki, bu gün mövcud şərtlərlə qazla binaların isidilməsi daha ucuz başa gəlir. Amma bu, daha təhlükəlidir. Dövlət üçün də başlıca məqsəd insanların təhlükəsizliyidir. Ümumiyyətlə çoxmərtəbəli binalara qazın verilməsi pis haldır. İnsanların gündəlik ehtiyaclarının qarşılanması üçün lazım olan enerji vasitəsi kimi qazdan istifadə edilir ki, bu da çox risklidir. Onun fəsadlarını zaman-zaman görürük”, - deyə ekspert vurğulayıb.

E.Əmirov əlavə edib ki, inkişaf etmiş ölkələrdə binaların isidilməsi qazla deyil, elektrik enerjisi ilə həyata keçirilir: “Bu baxımdan, Azərbaycanda da bu sistemim tətbiq edilməsi məqsədəuyğun olardı. Amma bir şərtlə ki, binaların isidilməsi müasir elektrik sistemləri, səmərəli texnologiyalar vasitəsilə həyata keçirilsin. Çünki elektrik enerjisi istehlakçı üçün qazla müqayisədə baha başa gəlir. Məhz bu keçid üçün “ağıllı termostat”lar, istilik nasosları, elektrik qazanları və digər müasir tipli elektrik enerjisindən istifadəyə səmərəli texnologiyalardan istifadəyə ehtiyac var. Odur ki, təhlükəsizlik birinci növbədə olduğundan ölkəmizdə də elektrik enerjisinə üstünlük veriləcəyi dəqiqdir. Bu zaman məsələsidir”.

Seçilən
19
azertag.az

1Mənbələr