AZ

Meyvələrin üzərinə vurulan maddə nədir? – Bunlara diqqət etməsəniz…

Bazarda satılan meyvələrin bir çoxunun üzərində parıltı və yapışqanlığa bənzər qat olur.

Bu, əsasən parafin, balmumu, qarışıq mum əsaslı qoruyucu qat, bəzən də kimyəvi-konservantlı məhlullar olur. Məqsəd meyvənin uzun müddət xarab olmamasını təmin etmək, nəmlik itkisini azaltmaq və məhsulu vizual olaraq daha cəlbedici göstərməkdir.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan həkim-terapevt Şərifə Quliyeva deyir ki, bu maddələr birbaşa zəhər olmasa da, düzgün yuyulmadıqda və tez-tez istifadə edildikdə risk yarada bilər:

“Bu cür qoruyucu qatlar bədənə sorulduqda mədə-bağırsaq narahatlıqları, allergik reaksiyalar yarada bilər.

Xüsusən də uzun müddət və yüksək miqdarda qalıcı mum tərkibli qatların qəbulu orqanizmdə yüklənmə effekti yaradır. Qaraciyərin yükü və hormonal sistemə təsir ehtimalı alimlər tərəfindən araşdırılır. Buna görə, meyvələr mütləq ilıq suda soda və ya sirkə əlavə edilməklə yaxşı şəkildə yuyulmalıdır.”

Qida eksperti Asim Vəliyev NOCOMMENT.az-a bildirib ki, bu maddələrin bəziləri beynəlxalq standartlarla icazəlidir, lakin istifadə miqdarı və keyfiyyəti ölkələrə və satıcıların vicdanına görə dəyişir:

“Problem mum qatının olması deyil, problem onun hansı tərkibdə və nə qədər istifadə edilməsidir.

Keyfiyyətsiz parafin məhsulları neft mənşəli olduğundan toksiki təsir göstərə bilər. Üstəlik, meyvənin nəfəs almasını məhdudlaşdıran qat bəzi mikroorqanizmlərin səthdə toplanmasına da şərait yaradır. Ona görə istehlakçı mümkün qədər etibarlı mənbədən alış etməli və yuma prosesinə xüsusi diqqət yetirməlidir”.

Saytımıza danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələnin nəzarət tərəfinə diqqət çəkir:

“Azərbaycan bazarında mumlanmış və ya parladılmış meyvələrin böyük hissəsi idxal məhsullarıdır və çox vaxt üzərində tam məlumat olmur. İstehlakçı nə məhlulun növünü, nə də təhlükəsizlik sertifikatını gedib sorğulaya bilir. Problem təkcə sağlamlıq deyil, həm də etiketləmə və şəffaflıq məsələsidir. Satıcı məhsulun üzərinə hansı maddənin vurulduğunu açıq şəkildə göstərməlidir”.

Seçilən
91
nocomment.az

1Mənbələr