AZ

Hüquq və İnsan Haqları İnstitutu Naxçıvan Dövlət Universitetində təqdimat keçirib - FOTOLAR

Hüquq və İnsan Haqları İnstitutu dekabrın 2-də Naxçıvan Dövlət Universitetində hüquqi maarifləndirmə, müasir rəqəmsal yeniliklərə və yeni nəşrlərə həsr olunmuş geniş təqdimat keçirib.

QHT.az xəbər verir ki, İnstitutun fəaliyyəti, hüquqi maarifləndirmə istiqamətləri və insan hüquqları sahəsində rəqəmsallaşmanın yaratdığı yeni imkanların gənc nəslə daha yaxından tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edən tədbirdə İnstitutun Zəfər Gününə həsr olunmuş yeni nəşri – “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabı universitet ictimaiyyətinə təqdim olunub.

Universitetin rektoru Elbrus İsayev Hüquq və İnsan Haqları İnstitutu ilə qurulan səmərəli əməkdaşlığı yüksək qiymətləndirib. Qeyd olunub ki, İnstitutun hüquqi maarifləndirməyə dair təşəbbüsləri, rəqəmsal resursların və yeni nəşrlərin tələbələrə təqdim olunması onların bilik və bacarıqlarının inkişafına, hüquqi dünyagörüşlərinin zənginləşməsinə böyük töhfə verir.

İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə ikitərəfli əməkdaşlıqdan məmnunluğunu və bu əməkdaşlığın davamlı olacağına inamını ifadə edib. O, İnstitutun fəaliyyəti barədə ümumi məlumat verərək, müxtəlif dövlət qurumlarının əməkdaşları, hüquqşünaslar və geniş əhali auditoriyası üçün keçirilən təlimlər, layihələr və virtual kitabxananın imkanlarından bəhs edib. M.Quluzadə, həmçinin, İnstitutun rəsmi veb saytı (https://lhri.az/az) üzərindən istifadə olunan “Rəqəmsal insan hüquqları resurs xəritəsi”, “E-lüğət”, PASS platforması, “İnsan hüquqlarına giriş” adlı onlayn kursun funksionallığı və üstünlüklərindən söz açıb.

İnstitutun İdarə Heyəti sədrinin müavini, təqdim olunan “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabının müəllifi Vəfaddin İbayev nəşr haqqında geniş məruzə ilə çıxış edib. Kitabda Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, geosiyasi inkişafı və milli təhlükəsizlik strategiyasının formalaşması barədə əsas məqamlar diqqətə çatdırılıb. Müəllif həmçinin bildirib ki, nəşrdə Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin formalaşdırdığı milli təhlükəsizlik strategiyası, sülh və müharibə siyasəti, eləcə də beynəlxalq hüquqa əsaslanan mövqenin əsas məzmunu və tətbiq edilməsi geniş təhlil olunur.

Tədbirdə 100-dən çox tələbə və müəllim iştirak edib.

Seçilən
72
qht.az

1Mənbələr