Eyyub Hüseynov: “Restoranlar bahalı müğənniləri oxumaq üçün dəvət edir və onların pulunu vətəndaşlardan alırlar”
Türkiyə Ticarət Nazirliyi ölkə üzrə restoran, kafe, şirniyyat mağazaları və digər iaşə obyektlərində müştərilərdən məcburi şəkildə servis pulu, masa haqqı və ya buna bənzər ödənişlərin alınmasına son qoyacaq yeni qaydaları qüvvəyə mindirir.
Yeni dəyişikliyə görə, müəssisələr müştəridən yalnız menyuda açıq şəkildə göstərilmiş qiymət əsasında ödəniş tələb edə biləcək. “Servis ücreti”, “masa ücreti”, “adisyon ücreti” kimi əlavə məcburi ödənişlər qanunsuz sayılacaq.
Qeyd edək ki, ölkəmizdə restoran və kafelərdə müştərilərdən əlavə servis haqqı alınır. Servis haqqının məbləği məkandan asılı olaraq dəyişir.
Maraqlıdır, Türkiyədə tətbiq edilən yenilik Azərbaycanda da tətbiq edilə bilərmi?
“İaşə obyektlərində “face kontrol” deyə yeni qayda tətbiq olunub, yəni kiminsə üzü xoşlarına gəlmirsə, onu içəri buraxmırlar”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, iaşə obyektlərində servis haqqının tələb olunması turizmin inkişafına mənfi təsir edir: “Bu günlərdə Birliyə servis haqqının tələb olunması ilə bağlı şikayət daxil olub. Belə ki, övladına ad günü keçirən şəxsdən 15 faiz servis haqqı tələb olunub. Məlumat üçün deyim ki, servis haqqı məsələsi qanunvericilikdə qeyd olunmayıb və bununla bağlı qadağa da yoxdur. Belə məsələləri dövlət orqanlarının qarşısında qaldıranda bizə deyirlər ki, öz əraziləridir, özləri bilər. Çox təəssüflər olsun ki, market və restoranlar üçün xüsusi bir qayda yoxdur, bu sahədə özbaşınalıq hökm sürür. Bu obyektlər hökumətin biznes qurumları üçün yaratdığı şəraitdən istifadə edir və istehlakçı hüquqlarını pozurlar. Məlumdur ki, restoranlar bahalı müğənniləri oxumaq üçün dəvət edir və onların pulunu vətəndaşlardan alırlar. Halbuki, bu haqda istehlakçıya heç bir məlumat vermirlər. Ümumiyyətlə, belə bir qayda var ki, istehlakçıya yaxşı xidmət göstəriləndə o xidmət haqqı verir. Bu qayda bir çox ölkələrdə var. Türkiyədə bunun qadağan olunması yaxşı haldır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, restoranlar istədiyi kimi servis haqqı qeyd edir. Bu hal dövlət tərəfindən tənzimlənmədiyi üçün obyektlər istədiyini edir: “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu məsələyə nəzarət etməlidir və qanun pozuntusu olarsa cəriməni onlar tətbiq etməlidir. Servis haqqı öncədən deyilibsə, menyuda nəzərdə tutulubsa istehlakçı bundan imtina etməməlidir. Çünki istehlakçı öncədən seçimini edib. Onu da deyim ki, restoranlarda servis haqqından əlavə digər özbaşınalıqlar var. İaşə obyektlərində “face kontrol” deyə yeni qayda tətbiq olunub. Yəni kiminsə üzü xoşlarına gəlmirsə, onu içəri buraxmırlar, kişi tək gəlibsə, qadınla gəlməyibsə onu içəri daxil olmağa qoymurlar. Üzü dənizə əyləşən şəxs əlavə 20 manat ödəniş etməlidir… Restoranlarda bu kimi özbaşınalıqlar da yaşanır”.
Günel CƏLİLOVA