AZ

İnternet oyunu yeniyetməni intihara sürüklədi - Psixoloqdan ciddi xəbərdarlıq

Dünən Binəqədidə yeniyetmənin “Mavi Balina” oyununun təsiri ilə intihar etməsi cəmiyyətdə ciddi təşviş yaradıb. Bu hadisə bir daha göstərdi ki, internetdəki görünməz təhlükələr real həyatda ən ağır nəticələrə səbəb ola bilir. Bəs, uşaqları necə qorumalıyıq? 

Mövzu ilə bağlı Missiya.Az-a danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, “Mavi Balina” adi oyun deyil, psixoloji manipulyasiyadır:

"Kurator adlanan şəxslər yeniyetmələrin zəif nöqtələrini tapıb onları qorxu, tənhalıq və emosional şantaj vasitəsilə idarə edirlər. Mərhələlərlə yeniyetməni özünə zərər verməyə doğru sürükləyirlər. Qorxulu videolar, gecə tapşırıqları, gizli mesajlar – bütün bunların məqsədi uşağın psixikasını sındırmaqdır".

R.Nəcəfov qeyd edib ki, bu, sadəcə internet təhlükəsi deyil, açıq şəkildə psixoloji hücumdur:

"Ancaq acı həqiqət odur ki, təhlükənin bir hissəsi evin içində formalaşır. Valideyn telefonu əlindən yerə qoya bilmirsə, övladından bunu necə tələb edə bilər? Uşağın emosional boşluğunu ailə doldurmursa, onu internet doldurur və bəzən bunu ən qaranlıq fiqurlar edir. Ünsiyyət olmayan yerdə manipulyasiya inkişaf edir".

Psixoloqun sözlərinə görə, uşaqları qorumağın yolu qadağalardan yox, onların yanında olmaqdan keçir:

"Yeniyetmə bilməlidir ki, başına nəsə gəlsə, ailəsi ona cəza ilə deyil, dəstək ilə yanaşacaq. Əvvəlcə böyüklər öz davranışlarını düzəltməlidir, əks halda “nə üçün belə oldu?” sualını yenə gec verəcəyik. Bu hadisə ciddi xəbərdarlıqdır: uşaqların təhlükəsizliyi filtr proqramlarında deyil, valideynlərin məsuliyyətində və cəmiyyətin ayıq olmasındadır".

Seyranə Quliyeva 

Missiya.Az

Seçilən
187
missiya.az

1Mənbələr