AZ

“Mavi Balina” DƏHŞƏTİ geri döndü – Mütəxəssislər HƏYƏCAN TƏBİLİ çalır

Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonunda mənzildə 13 yaşlı yeniyetmənin meyiti aşkarlanıb. Kəmalə Məmmədova Tərlan qızı evdə özünə qəsd edib. İddialara görə, yeniyetmə qız hadisəni törədəndə evdə tək olub.

Belə ki, Kəmalənin dayə işləyən anasını gətirmək üçün evdən çıxan atası və qardaşı mənzilə girəndə yeniyetmənin meyitini asılmış vəziyyətdə tapıblar. Əvvəlcə Kəmalənin zarafat etdiyini düşünən valideynləri onun heç bir səsə, hərəkətə reaksiyasını görmədikdə nə baş verdiyini anlayıblar.

13 yaşlı Kəmalə Rəsulzadə qəsəbəsindəki 143 saylı məktəbin şagirdi olub. Polis olmaq arzusunda olan yeniyetmənin mobil telefonunda “Mavi Balina” oyunu tapılıb. Onun sonuncu aldığı mesaj “Bu gün son günündür” olub. Bundan sonra Kəmalə özünə qəsd edib.

Bəs, bu problemdən çıxış yolları nələrdir? Gələcəkdə də bu cür faciələr yaşanmasın deyə valideynlər hansı addımları atmalıdırlar? 

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan klinik psixoloq Aygün Sultanova qeyd edir ki, yeniyetmələr bu cür manipulyativ qrupların ən həssas hədəf kütləsidir.

Onun sözlərinə görə, 10–17 yaş aralığında emosional dalğalanmalar normaldır, lakin bəzi uşaqlarda bu dalğalanmalar depressiv əhval, özünə inamsızlıq, diqqət çatışmazlığı, məktəbdə və ya dostlarla yaşanan konfliktlər səbəbindən daha da güclənə bilər:

“Belə qruplar uşağın narazı qaldığı hisslərin üzərinə gedərək “səni anlayan tək bizik” kimi manipulyativ mesajlarla təmas qururlar. Daha sonra uşağın davranışına, həyat tərzinə təsir edən tapşırıqlar verilir, psixoloji asılılıq yaradılır”.

İsmayılova əlavə edir ki, valideynlə uşaq arasında ünsiyyət zəifdirsə, uşaq öz hisslərini gizlədir, ailədə gərginlik çoxdursa, bu, manipulyasiyanın təsir gücünü artırır:

“Valideynlər uşaqlarını sorğu-sual, təzyiq və ya qorxutmaqla deyil, anlayışla dinləməklə, birlikdə keyfiyyətli vaxt keçirməklə və emosional dəstək göstərməklə qoruyurlar. Yeniyetmə anlaşıldığını hiss edəndə xarici təsirlərə daha az həssas olur”.

NOCOMMENT.az-a danışan internet hüququ üzrə mütəxəssis, ekspert Elman Quliyev hesab edir ki, bu cür onlayn qruplar təkcə etik deyil, ciddi cinayət xarakteri daşıyan fəaliyyətlərdir:

“Yeniyetmələrin psixikasına təsir göstərmək, onları özünəqəsdə, təhlükəli və ya qeyri-qanuni davranışlara sövq etmək bir çox hüquq sistemində ağır cinayət kimi qiymətləndirilir. Bu cür fəaliyyətlər təşkil edən və idarə edən şəxslərin beynəlxalq axtarışa verildiyi hallar mövcuddur.

Valideynlər bəzən internetdəki “oyunların” əyləncə xarakterli olduğunu düşünür, lakin əslində cinayətkar qruplar müxtəlif psixoloji “tapşırıq”, “sınaq” və ya “challenge” formatlarından istifadə edərək uşaqları təzyiq altında saxlayır və tabe olmağa məcbur edirlər”.

Hüquqşünas vurğulayır ki, belə hallarda susmaq təhlükəni artırır:

“Şantaj elementləri, sosial təhdidlər, şəxsi məlumatların yayılması ilə bağlı qorxu uşaq tərəfindən gizlədilə bilər. Buna görə də valideyn hər hansı şübhə yarandıqda hüquq-mühafizə orqanlarına müraciət etməli, sübutların toplanmasına mane olmamalıdır. Bu sahədə maarifləndirici tədbirlərin artırılmasına, məktəblərdə hüquqi biliklərin tədrisinə ciddi ehtiyac var”.

İnternet təhlükəsizliyi eksperti Rəşad Kərimli isə saytımıza bildirib ki, rəqəmsal dünyada təhlükələr əvvəlki illərlə müqayisədə daha mürəkkəb forma alıb.

Onun sözlərinə görə, “Mavi Balina” adlı oyun əvvəllər açıq sosial şəbəkələrdə yayılsa da, indi çox güclü gizlədilmiş formatda fəaliyyət göstərən qruplarla əvəzlənib.

Ekspert deyir ki, “Telegram”, “discord” və “anonim chat” platformalarında yaradılan qapalı otaqlar, bir dəfəlik linklər, özünü məhv edən mesajlar, saxta profillər və şifrəli qruplar uşaqlara nəzarəti çətinləşdirir:

“Belə qruplar insan davranışını izləyən alqoritmlərdən, diqqət çəkən psixoloji mətnlərdən və ya cəlbedici “challenge”lardan istifadə edərək uşaqları öz toruna salır. Valideynlər cihazlarda valideyn nəzarəti funksiyalarını aktivləşdirməli, sosial şəbəkələrdə təhlükəsizlik ayarlarını düzgün qurmalı, uşağın istifadə etdiyi tətbiqləri yoxlamalı, həmçinin rəqəmsal savadlılığı ailə daxilində müzakirə etməlidirlər”.

Ekspert uşağa qadağalar qoymağın çox vaxt təsirsiz olduğunu, əksinə, maarifləndirmə və birgə internet istifadəsinin daha faydalı nəticə verdiyini bildirib.

O deyir ki, uşaq interneti təhlükəsiz istifadə qaydalarını özü anlayanda, təhlükənin qarşısını intuitiv şəkildə özü də ala bilir.

Seçilən
172
39
nocomment.az

10Mənbələr