BAKI, 3 dekabr. TELEQRAF
“Təəssüflər olsun ki, Vətən müharibəsindən sonrakı üç il Zəfərimizə elmi töhfələr vermək əvəzinə, işğal dövrünün təəssübkeşliyini çəkən, qalibiyyətə düşmən münasibəti göstərən, vassallıq və təəbəlik ruhu ilə başqa paytaxtlar qarşısında öhdəlik götürən keçmiş dönük rəhbərliyin əməlləri ilə yadda qaldı”.
Teleqraf xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc “Sosial-siyasi elmlər müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm və universitetlər” mövzusunda keçirilən dəyirmi masada deyib.
O bildirib ki, həmin dövrdə AMEA adı qalmaqallı vəzifə təyinatları və daxili çəkişmələr, siyasi güc göstərişinə xarici dəstəkli cəhdlər, ləyaqətli alimlərin ehtiyac duyduğu büdcə vəsaitlərinin talan edilməsi ünvanına çevrildi:
“44 günlük müqəddəs savaşımızı beynəlxalq elmi platformalara çıxarmaq əvəzinə dövlətimizə edilən qəsdlər tam miqyası ilə indi üzə çıxır, imperiya həsrəti və xarici orduların əliylə hakimiyyət planları quran, “işğal partiyası” ilə ittifaqa girənlər mühakimə olunurlar. Hakimiyyət kimi, elmimiz də təmizləndikcə, milliləşdikcə suverenliyimiz güclənəcək. Lakin ölkəmizi qalibiyyət yolundan döndərmək mümkün deyil”, -Z. Oruc vurğulayıb.