
“Birləşmiş Ştatlar Ukraynadakı müharibənin həllinə və münaqişə tərəflərinə fikir ayrılıqlarını aradan qaldırmağa kömək etməyə çalışır, lakin hərbi əməliyyatların dayandırılması barədə qərarı Kiyev və Moskva verəcək”.
Missiya.Az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində deyib.
"Nəhayət, bu, onların öz işidir. Əgər onlar qərara gəlsələr ki, müharibəni bitirmək istəmirlər, o zaman müharibə davam edəcək, lakin biz onu bitirməyə çalışacağıq", - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası Vaşinqtonun münaqişə tərəflərinə fikir ayrılıqlarını aradan qaldırmağa kömək edə biləcəyini anlamağa çalışır və bu səbəbdən o, aktiv diplomatiya aparır.
"Bunun üçün hər iki tərəflə danışıqlar aparmalıyıq. Bu prosesdə bəzi irrasional adamlar var və onlar hesab edirlər ki, biz yalnız Ukrayna ilə danışmalıyıq, Rusiya ilə ümumiyyətlə danışıqlar aparmamalıyıq. Lakin Moskva ilə danışıqlar aparmadan Rusiya ilə Ukrayna arasında müharibəni bitirmək mümkün deyil, həm də Kiyevin mövqeyini nəzərə almaq lazımdır", - deyə siyasətçi əlavə edib.
Rubio qeyd edib ki, hazırda danışıqlarda əsas fikir ayrılıqlarının predmeti Kiyevin nəzarətində qalan Donetsk vilayətinin 20% ərazisidir.
"Biz anlamağa çalışırdıq və düşünürəm ki, biz müəyyən irəliləyiş əldə etmişik, ukraynalıların gələcək üçün hansı təhlükəsizlik zəmanətlərini məqbul hesab edəcəklərini analiz etmişik", - deyə siyasətçi bəyan edib.
Rubio deyib ki, ABŞ-nin hazırkı administrasiyası Vaşinqtonun Kiyevə dəstəyini qeyri-məhdud şəkildə davam etdirməsini nəzərdə tutan yanaşmanı real hesab etmir.
"Bəziləri hesab edir ki, bizim siyasətimiz bu müharibə davam etdikcə Ukraynaya lazım olan məbləğdə qeyri-məhdud maliyyə yardımını davam etdirməkdən ibarət olmalıdır. Bu, real deyil və baş verməyəcək", - deyə amerikalı rəsmi yekunlaşdırıb.
Daşqın HəsənovMissiya.Az