-
2026-cı ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkiləri faktiki olaraq Rusiya və Qərb arasında açıq mübarizə kimi özünü göstərir. Artıq seçkilər Ermənistanın daxili məsələsi kontekstindən çıxarılaraq qlobal güclərin mübarizəsi kimi, digər dövlətləri də çəkişməyə tərəf olaraq cəlb edir. Moskva üçün Paşinyanın Ermənistanda hakimiyyətdə qalması qəbul edilməzdir və onun devrilməsi üçün ciddi proseslərə başlayıb. İran isə hətta Rusiyadan daha çox Paşinyanın devrilməsində maraqlıdır.
Bu kontekstdə, “əgər Paşinyan hakimiyyətini itirərsə, Azərbaycan və Ermənistan arasında gedən danışıqlar – sülh prosesi, sərhədlərin müəyyənləşməsi və nəhayət Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslər qapadıla bilərmi?” narahatçılığı tamamilə əsaslıdır.
Əlbəttə ki, Rusiyaya meyilli qüvvələrin hakimiyyətə gəlməsi halında ilk olaraq sülh danışıqları və onun imzalanması dayanacaq. Hətta neytral bir siyasi fiqurun hakimiyyətə gəlməsi belə sülh danışıqlarının dayandırılması ehtimalını artırır. Koçaryan–Sarkisyan xətti üzrə və ümumiyyətlə Rusiyaya bağlı istənilən fiqurun hakimiyyətə gəlməsi ilə “Qarabağ məsələsi” ritorikası bərpa ediləcək, Azərbaycanla sərhəddə təxribatların başlanması və artması mümkündür. Zəngəzur dəhlizi isə yeni hakimiyyət üçün qırmızı xətt olacaq. Paşinyanın dəhlizi “kommunikasiyanın açılması” kimi təqdim etməsi fonunda, bu proses dərhal dondurulacaq.
Antitürk və anti-Azərbaycan ideoloji bazası üzərində qurulan Rusiyaya meyilli qüvvələr Zəngəzur dəhlizini “Azərbaycanın və Türkiyənin qələbəsi” hesab edirlər. Şübhə yoxdur ki, Rusiya və İran seçkilərdə Paşinyanın növbəti qələbəsinin qarşısını ala bilsə, Zəngəzur dəhlizi ilə bağlı bütün proses və danışıqlar ancaq Rusiyanın prosesə və təhlükəsizliyə nəzarəti ilə bərpa edilə bilər. Hərçənd, İran nəinki dəhlizin, tranzit və kommunikasiyanın bu ərazidən keçməsinə belə Rusiya ilə eyni mövqedə deyil.
Hal-hazırda Rusiyaya meyilli və revanşist qüvvələrin Paşinyana qarşı əsas təbliğat vasitəsi Zəngəzur dəhlizi və ardınca sərhədlərin delimitasiyası məsələsidir. Yeni hökumət Ermənistanı Azərbaycanla müharibə vəziyyətinə gətirəcək, sərhəddə hərbi gərginlik riskini artıracaq.
Paşinyanın devrilməsi Qərbin strateji planını pozacaq və Ermənistan Qərbə inteqrasiya xəttindən çıxaraq yenidən Rusiyanın təsir dairəsinə qayıdacaq. Həmçinin ABŞ və Avropa Ermənistan–Azərbaycan sülh prosesinə təsir imkanını itirəcək. Nəticə etibarilə, 2020-dən sonra formalaşan yeni balans pozulacaq. Bu isə Qərb üçün ciddi geosiyasi məğlubiyyət, Azərbaycan üçün isə proseslərin uzanması və siyasi-hərbi gərginlik olacaq.
Təbii ki, Azərbaycan öz təhlükəsizlik arxitekturasını yeni reallıqlarla özü formalaşdıracaq. Bu, o deməkdir ki, Ermənistanın sərhəddə hərbi risk yaratması onun üçün çox ciddi hərbi-siyasi nəticələr doğura bilər. Azərbaycan – 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq – indiki Ermənistanla nə sülh sazişi, nə də sərhədlərin delimitasiyasını imzalayıb. Azərbaycan Ermənistanı 1920-ci il Paris Sülh Konfransı çərçivəsində tanındığı ərazilər (9000 kv.km) daxilinə qaytara bilər. Paşinyanın da “Real Ermənistan” tezisi də məhz bu ehtimallara söykənir.
Digər variant - Ermənistan üçün ən yaxşı halda - əgər Zəngəzur dəhlizi Ermənistanın razılığı olmadan alternativ yolla, İran üzərindən Naxçıvana genişləndirilə bilər. Bu ssenari daha çox İran və Gürcüstanın maraqlarına uyğundur.
Bu halda Ermənistan özünü tam təcrid vəziyyətinə salacaq. Rusiya orbitinə qayıdan Ermənistan üçün Azərbaycanla sülh, sərhədlərin delimitasiyası və nəhayət Zəngəzur dəhlizi məsələsi Rusiyanın kompetensiyasına keçəcək. Hərçənd Rusiya ümumilikdə Ermənistan–Azərbaycan arasında sülh potensialına tam xətt çəkmək niyyətindədir. Deməli, Paşinyanın hakimiyyətdən kənarlaşdırılması Ermənistan üçün müstəqilliyin itirilməsinə bərabər “geriyə dönüş”, Cənubi Qafqaz üçün isə yenidən qeyri-sabitlik dövrünün başlanması olacaq.
Bir məqam: əgər Paşinyan hakimiyyətdən gedərsə, Rusiya ABŞ prezidenti Donald Trampın iqtidarı dövründə Ermənistan və Azərbaycan arasındakı sülh prosesinin formallığını müvəqqəti olaraq saxlayacaq.
Vüqar Dadaşov