Bakı, 2 dekabr, AZƏRTAC
Bakı Beynəlxalq Film Festivalı (BBFF) çərçivəsində Almaniyada yaşayan rejissor Elmar İmanovun “Çəyirtkənin öpüşü” filminin Azərbaycan premyerası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ilk dəfə Berlin Film Festivalında nümayiş olunan ekran əsəri dekabrın 8-də Nizami Kino Mərkəzində təqdim olunacaq.
Film BBFF-in Beynəlxalq debüt tammetrajlı bədii film müsabiqəsində iştirak edir.
Ekran əsərinin istehsal prosesinə dünyanın müxtəlif ölkələrindən 700-dən çox nümayəndə cəlb olunub. Film Almaniya, İtaliya və Lüksemburqun ortaq istehsalıdır.
Filmdə Len Kudrjavizki, Mixail Haneman, Sofi Mouzel, Rasim Cəfər rol alıblar.
Qeyd edək ki, Elmar İmanov Azərbaycanda çəkdiyi "Tabutçunun yelləncəyi" filmi ilə “Tələbə Oskarı” mükafatında “Xarici film” nominasiyası üzrə bürünc medal qazanıb. Onun "Mövsümün sonu" filmi isə nüfuzlu Rotterdam Film Festivalında mükafata layiq görülüb.