Sumqayıt şəhərində fəaliyyət göstərən Gözdən Əlillər Cəmiyyətinin bir qrup üzvü, eləcə də digər bölgələrdən gəlmiş gözdən əlillər bu gün bir araya gələrək uzun müddətdir davam edən narazılıqlarını ictimaiyyətə çatdırıblar.
NOCOMMENT.az xəbər verir ki, etirazda əsasən Sumqayıt Gözdən Əlillər Cəmiyyətinin üzvləri iştirak edib və onları dəstəkləmək üçün ölkənin müxtəlif bölgələrindən gözdən əlillər də aksiyaya qoşulub.
Etirazçılar bildirirlər ki, gözdən əlillərin məşğulluğu üçün nəzərdə tutulmuş kombinat, istehsalat sahələri və sosial obyektlər uzun illərdir öz təyinatı üzrə istifadə olunmur.
Onların sözlərinə görə, bu obyektlərdən bəziləri mənimsənilərək başqa məqsədlərə yönəldilib və nəticədə xüsusi qayğıya ehtiyacı olan şəxslər iş yerlərindən və sosial dəstək imkanlarından məhrum olublar.
Toplaşan şəxslər həmçinin vurğulayırlar ki, illərdir mənzil növbəsində dayanmaqlarına baxmayaraq, hələ də normal yaşayış şəraiti olan mənzillə təmin edilməyiblər. Onlar iddia edirlər ki, mənzil bölgüsündə şəffaflıq pozulur, bəzi hallarda eyni şəxslərə təkrar ev ayrılması və ya mənzillərin müxtəlif yollarla satışa çıxarılması ilə bağlı şikayətlər mövcuddur.
Bu səbəbdən, xeyli sayda gözdən əlil ağır, yararsız və təhlükəli şəraitdə yaşamağa məcbur qalıb.
Etiraz edən gözdən əlillərin sözlərinə görə, bütün bu problemlərin əsas səbəbi kimi onlar cəmiyyətin sədri Səmyar Abdullayevin fəaliyyətini göstərirlər.
Etirazçılar iddia edirlər ki, sosial obyektlərin təyinatından kənar istifadəsi, iş yerlərinin bağlanması və mənzil bölgüsü ilə bağlı ortaya çıxan narazılıqlar məhz rəhbərliyin fəaliyyəti ilə əlaqədardır. Onlar bildirirlər ki, fiziki məhdudiyyətlə yaşamağın onsuz da ağır olan şərtlərinə əlavə olaraq, bu cür idarəçilik problemləri onların həyatını daha da çətinləşdirir.
Aksiya iştirakçıları tələb edirlər ki, səsləndirdikləri iddialar dövlət qurumları tərəfindən araşdırılsın, gözdən əlillərin sosial hüquqları bərpa edilsin, sosial obyektlər yenidən öz təyinatına qaytarılsın və mənzil bölgüsü tam şəffaf şəkildə aparılsın.
Onlar ümid edirlər ki, səsləri eşidiləcək, şikayətlərinə obyektiv şəkildə baxılacaq və illərdir yığılan problemlərin həlli istiqamətində real addımlar atılacaq.