BAKI, 2 dekabr. TELEQRAF
Ermənistan və Avropa İttifaqı (Aİ) dekabrın 2-də Brüsseldə keçiriləcək Ermənistan-Aİ Tərəfdaşlıq Şurasının iclasının nəticələrinə əsasən yeni strateji tərəfdaşlıq gündəliyini imzalayacaq.
Teleqraf xəbər verir ki, bu barədə Aİ-nın genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə erməni jurnalistlərlə görüşü zamanı bildirib.
Onun sözlərinə görə, imzalanacaq sənəd tərəflər arasında əməkdaşlığın gələcək istiqamətlərini müəyyən edən fəaliyyət planı və yol xəritəsi rolunu oynayacaq:
"Tərəfdaşlığın yeni gündəliyini Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Aİ-nın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas imzalayacaqlar. Sənəd iqtisadi inkişaf, institutların möhkəmləndirilməsi, eləcə də müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı özündə əks etdirəcək".
Aİ rəsmisi əlavə edib ki, təşkilat Ermənistanda qarşıdan gələn parlament seçkiləri ərəfəsində mümkün hibrid təhdidlərə, dezinformasiya kampaniyalarına və kiberhücumlardan müdafiəyə dəstək verməyə hazırdır.