Bakı, 1 dekabr, Səbinə Əlizadə, AZƏRTAC
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (BND) mərhələli inkişafı bir sıra siyasi gərginliklərə və rəqabətçi layihələrin təzyiqlərinə baxmayaraq davam edir.
Bu barədə AZƏRTAC-a açıqlamasında rusiyalı politoloq Vitali Arkov məlumat verib.
O qeyd edib ki, Tacikistanın paytaxtında keçirilmiş son ikitərəfli görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin diqqəti məhz bu strateji marşrutun əhəmiyyətinə yönəlib.
Politoloqun sözlərinə görə, Azərbaycan, Rusiya və İranın ən iri dəmir yolu operatorları arasında imzalanmış sənəd mövcud normativ-hüquqi və texniki uyğunsuzluqların aradan qaldırılması istiqamətində mühüm mərhələdir.
“Bu addım infrastrukturun qarşılıqlı əlaqələndirilməsini gücləndirəcək, ölkələrimiz arasında dəmir yolu ilə daşınan yüklərin həcmini artıracaq və Şimal-Cənub layihəsi üzrə ümumi göstəricilərdə dəmir yolu nəqliyyatının payının yüksəlməsinə imkan verəcək. İranın Rəşt-Astara dəmir yolu xəttinin istifadəyə verilməsi yüklərin avtomobil nəqliyyatına yönləndirilmədən fasiləsiz şəkildə daşınmasını təmin edəcək. Bu isə həm çatdırılma müddətlərini, həm də logistika xərclərini əhəmiyyətli dərəcədə azaldacaq”, - deyə V.Arkov vurğulayıb.
O bildirib ki, dəhlizin Azərbaycan ərazisindən keçən qərb istiqaməti BND-nin ən dayanıqlı və perspektivli hissəsi hesab olunur. “Ermənistanın layihəyə mərhələli şəkildə cəlb edilməsi yalnız Azərbaycan və Türkiyə tərəfindən blokadanın aradan qaldırılmasından sonra mümkün olub. Bu isə rəsmi İrəvanın yaxşı qonşuluğu bərpa etmək istiqamətində addımlarına cavab olaraq həyata keçirilib”, - deyə politoloq vurğulayıb.
O xatırladıb ki, hazırda İran–Ermənistan–Gürcüstan marşrutu üzrə müəyyən həcmdə daşımalar mövcuddur, lakin əsas yük alıcıları Rusiya ərazisində yerləşir və daşımalar əsasən avtomobil nəqliyyatı ilə, o cümlədən məşhur Gürcüstan hərbi yolundan istifadə edilməklə həyata keçirilir. Bu fonda Rusiya əvvəlcədən “Yuxarı Lars” sərhəd-keçid məntəqəsinin infrastrukturunu modernləşdirib.
“Layihənin yüksək maliyyətlə yanaşı ləngiməsinin əsas səbəblərindən biri Zəngəzur dəhlizinin (TRİPP) statusudur. Zəngəzur dəhlizinin ABŞ-ın nəzarətində olacağını nəzərə alsaq İranın bu istiqamətdə Ermənistana əlavə dəstək göstərəcəyini gözləmək çətindir. Belə olan halda İran yük axınlarını daha çox Azərbaycan üzərindən və Xəzər dənizi vasitəsilə yönləndirməyə üstünlük verəcək”, - deyə Arkov əlavə edib.
O qeyd edib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi və balanslaşdırılmış xarici siyasəti onun həm Şimal–Cənub, həm də Transxəzər (Orta Dəhliz) marşrutlarında aparıcı rolunu gücləndirir.
“Bakı müdrik balans siyasəti yürüdür və müxtəlif qlobal güclərlə strateji tərəfdaşlığı qorumaqla yanaşı, onların rəqabətində alətə çevrilməyə yol vermir. Bu yanaşma Azərbaycanın beynəlxalq nəqliyyat memarlığındakı mövqelərini ardıcıl olaraq möhkəmləndirir”,- deyə rusiyalı politoloq vurğulayıb.