
Ukrayna nümayəndə heyətinin rəhbəri, Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov ABŞ-da keçirilən Ukrayna böhranının həlli ilə bağlı görüşü “uğurlu və məhsuldar” adlandırıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, danışıqların detalları barədə açıqlama verməyib. Görüşdən sonra Umerov və ABŞ dövlət katibi Marko Rubio mətbuat qarşısında çıxış ediblər.
Umerov bildirib ki, ötən həftə Cenevrədə keçirilən danışıqlarda əldə olunan irəliləyiş Floridadakı görüşdə davam edib: “Bu görüş də məhsuldar və uğurlu keçdi. Növbəti mərhələlərdə ümid edirəm ki, sizi məlumatlandıracağıq”. O əlavə edib ki, tərəflər Ukraynanın gələcəyini və ölkə üçün vacib olan bütün məsələləri müzakirə ediblər.
“Görüləcək çox iş var – Ukrayna üçün sülh naminə məsləhətləşmələri və növbəti addımların razılaşdırılmasını davam etdiririk”, - deyə Umerov sonrakı açıqlamasında bildirib.