Türkiyə polisi 1981-ci ildə Papa II İoanna Pavelə sui-qəsd edən Məhmet Əli Ağcanı Papa XIV Leonun səfəri ərəfəsində İznik şəhərindən çıxarıb.
Modern.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, Məhmet Əli Ağca Papa XIV Leonun şəhərə gəlişində iştirak etmək üçün İznikə yollanıb. O, telekanala açıqlamasında səfəri “qeyri-adi hadisə” adlandırıb və Papanı salamladığını bildirib.
Polis təhlükəsizlik səbəbindən Ağcanı şəhərdən bir gün əvvəl konvoyla çıxarıb.
Məhmet Əli Ağca 1979-cu ildə Milliyet qəzetinin baş redaktoru Abdi İpəkçini qətlə yetirib, daha sonra həbsdən qaçaraq Vatikana gedib və 1981-ci ildə Papa II İoanna Pavelə silahlı hücum edib.
O, İtaliyada ömürlük həbsə məhkum edilsə də, 19 il sonra Papa tərəfindən bağışlanıb və Türkiyəyə deportasiya olunub. Ağca Türkiyədə əlavə 10 il həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.
Papa XIV Leo dünən Ankaraya rasmi səfər edib. Burada rəsmi görüşlər keçirəcək, daha sonra İstanbula yollanacaq. Səfərin ən önəmli məqamlarından biri İznikdə tarixi Nikeya Şurasının 1700 illiyinə həsr olunmuş tədbirlərdə iştirak olacaq.
Papa XIV Leo səfər çərçivəsində həmçinin Livanı da ziyarət edəcək.