AZ

Prezidentin  xüsusi nümayəndəsi Türkiyəyə niyə göndərilib? – Yeni mərhələ

Azərbaycanla  Türkiyə arasında strateji-siyasi-hərbi əməkdaşlıq bu həftə də intensiv məsləhətləşmələrlə zəngin olub.

Azərbaycan Prezidentinin Xüsusi Tapşırıqlar üzrə Nümayəndəsi Xələf Xələfov 25-26 noyabr tarixlərində Türkiyədə apardığı danışıqlarda ikitərəfli və regional məsələləri ölkənin siyasi rəhbərliyinin təmsilçiləri ilə müzakirə edib.

“Yeni Sabah” bildirir ki, Xələf Xələfov Azərbaycanın dərin təcrübəyə sahib diplomatlarındandır. 35 illik diplomatik karyeraya malik Xələf Xələfovun əsas fəaliyyət sahələri beynəlxalq hüquq, delimitasiya və Xəzərin statusu məsələləri olub.

Azərbaycan Prezidentinin Xüsusi Tapşırıqlar üzrə Nümayəndəsi kimi onun fəaliyyət sahələri də sərhəd və Xəzərin statusu ilə bağlı məsələləri əhatə edir.

Dərin diplomatik təcrübəyə sahib Xələf Xələfovun Ankaraya səfəri çərçivəsində Türkiyə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç, həmçinin Türkiyə Xarici İşlər Nazirinin NATO, enerji və iqtisadi əlaqələrdən məsul müavini Berrin Əkinci ilə görüşləri iki ölkə arasında strateji koordinasiyanın daha operativ mərhələyə keçdiyini göstərir.

Rəsmi açıqlamalarda Xələf Xələfovun görüşlərində “ikitərəfli münasibətlər və regional məsələlərin müzakirə olunduğu” vurğulanıb.

Operativ və məzmunlu koordinasiya mərhələsi

Qarabağın işğaldan azad olunmasından sonra yeni regional nizam, eləcə də Rusiyanın Qafqazda təsir imkanlarının zəifləməsi kimi faktorlar Cənubi Qafqazda təhlükəsizlik sisteminin yenidən formalaşdırılması zərurətini yaradır. Türkiyə və Azərbaycanın koordinasiyalı addımları da yeni regional güc mərkəzi formalaşdırmağa yönəlib.

Rəsmi Bakının Ankara ilə mütəmadi apardığı danışıqlara xüsusi tapşırıqlar üzrə prezident nümayəndəsini göndərməsi münasibətlərin “operativ və məzmunlu koordinasiya mərhələsi” kimi qiymətləndirilir.

Nüfuzlu Yaxın Şərq Texniki Universitetinin (ODTÜ) professoru, beynəlxalq münasibətlər üzrə ekspert Oktay Tanrısever “Yeni Sabah”a müsahibəsində deyib ki, prezidentin xüsusi nümayəndəsinin rəhbərliyində məsləhətləşmələr yüksək səviyyəli operativ koordinasiyanı təmin etmək üçün “inkişaf etdirilmiş diplomatik həll mexanizmidir”.

Onun sözlərinə görə, Qafqazda baş verən sürətli dəyişikliklərlə bağlı prezidentlər səviyyəsində birbaşa əlaqələndirmə tələb edən strateji məsələlər mövcuddur.

Oktay Tanrıseverin sözlərinə görə, sürətlə dəyişən regional vəziyyət Bakı ilə Ankara arasında daha operativ qərarvermə mexanizmlərinə ehtiyac yaradır. “Xüsusi Tapşırıqlar üzrə Nümayəndənin danışıqlara göndərilməsi Türkiyə ilə Azərbaycan arasında koordinasiyanın daha sürətli, daha güclü və daha effektiv olmasını təmin edə biləcək diplomatik həll mexanizmidir.

Bu yalnız təhlükəsizlik baxımından deyil, həm də regionun gələcək siyasi güc balansının müəyyələşdiriımləsi baxımından vacibdir”, deyə OTDÜ professoru Oktay Tanrısever əlavə edib.

Ekspertlər bildirirlər ki, Azərbaycan–Türkiyə koordinasiyası təkcə ikitərəfli münasibətləri deyil, bütün Cənubi Qafqazın gələcəyini müəyyən edən əsas dayaqlardan biri ola bilər.

Türkiyə və Azərbaycan maraqlarının əsas götürüləcəyi Yeni Qafqaz

Bolu Abant İzzet Baysal Universitetinin beynəlxalq əlaqələr bölümünün rəhbəri, professor Kamer Kasım “Yeni Sabah”a müsahibəsində dediyi kimi, “Qafqazın təhlükəsizlik memarlığının formalaşmasında iki müttəfiq ölkə olan Türkiyə və Azərbaycanın maraqlarının əsas götürüləcəyi bir proses qaçılmaz olacaq”.

Kamer Kasımın sözlərinə görə, rəsmi Ankara və rəsmi Bakının yaxın əməkdaşlığı Azərbaycan ərazilərinin işğaldan azad olunması prosesində, eləcə də hər iki ölkənin həm Cənubi Qafqazda, həm də beynəlxalq səviyyədə nüfuzunun artmasında həlledici rol oynayıb.

Kamer Kasımın fikrincə, region ölkələrinin Ankara və Bakı ilə təhlükəsizlik sahəsində əməkdaşlığı Cənubi Qafqazda sabitliyə töhfə verməklə yanaşı, bölgənin “təhlükəsizlik və rifah mənbəyi bir bölgəyə” çevrilməsinə şərait yarada bilər.

“İki ölkənin əməkdaşlığının gələcəkdə daha da artaraq davam etməsi, prioritet mövzular olan Zəngəzur Dəhlizinin həyata keçirilməsi və əsas ticarət yoluna çevrilməsi üçün atılacaq addımları sürətləndirəcək. Hərbi və strateji addımların iqtisadi inteqrasiyaya təsiri və bütün Türk Dünyasını əhatə edən bir rifah məkanının yaradılması, iqtisadiyyat və enerji sahəsində iki ölkənin qurumlarının tam əməkdaşlığı ilə mümkün olacaq”, - deyə professor Kamer Kasım əlavə edib.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
30
1
yenisabah.az

2Mənbələr