“Nikol Paşinyan seçkiqabağı müəyyən siyasi və iqtisadi addımlar atıb. O, ilk növbədə dövlət aparatını gücləndirmək və məmurların sosial vəziyyətini yaxşılaşdırmaq üçün maaşları artıracaq. Təbii ki, bu, regionlar üzrə həyata keçirəcək. Həmçinin Nikol Paşinyan tərəfinə keçən keşiş və yepiskoplara da əlavə pul mükafatınin verilməsi diqqətçəkən məsələdir”.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə bu fikirləri Ermənistan hakimiyyətinin parlament seçkiləri ərəfəsində öz tərəfdarlarını artırmaqdan ötrü atdığı addımları şərh edərkən Musavat.com-a bildirib.
Ekspertin sözlərinə görə, Paşinyanın əsas siyasəti Kilsənin ona qarşı olan qrupunu zərərsizləşdirmək, İkinci Qaregini və ətrafını istefaya məcbur etməkdir. M.Əsədullazadə Ermənistanın artan dövlət borcu ilə bağlı sualların qarşılığında N. Paşinyan vəsaitin silahlanmaya xərcləndiyini deməsindən bəhs edərkən bunları vurğulayıb: “Görünür, İkinci Qarabağ müharibəsində ağır silahlardan məhrum olan Ermənistan onların yerini doldurur. Çünki, Azərbaycan erməni ordusunun silahlarının çoxunu məhv etdi, yarısı da qənimət kimi götürüldü. Həmçinin antiterror əməliyyatlarında da xeyli silah-sursat, texnika Azərbaycana qaldı. Buna baxmayaraq, Ermənistanın silahlanması suallar doğurur. Artıq bu məsələ müxalifətin Paşinyana qarşı istifadə etdiyi əsas tezisdir. Xalqın rifahını yaxşılaşdırmaq əvəzinə, pullar silahlara ayrılıb”.
Siyasi şərhçi bildirib ki, N.Paşinyanın siyasəti ölkədə ona qarşı olan müxalifəti zəiflətmək və Rusiyaya bağlı siyasi qrupu siyasi səhnədən silməkdir: “Hazırda Kilsə ilə eyni siyasi görüşü bölüşən keçmiş Qarabağ separatçılarının törtöküntülərinin yığışdığı binadır. Ora hazırda N. Paşinyana qarşı müxalifətin əsas mərkəzidir. Eyni zamanda keçmiş “dqr”nümayəndəliyinin ofisinin ləğv edilməsi ilə Rusiyanın əsas təsir mərkəzi də zərbə görəcək. Paşinyan kilsəni zəiflədir, özünə yaxın və milli kilsə inşa edir və kilsəni Rusiyanın təsirindən çıxarır. Üstəlik, separatçıları siyasi səhnədən silməklə Robert Köçəryan və Serj Sərkisyan tandeminə zərbə vurur. Bütün hallarda Paşinyan seçkiyə rahat və problemsiz getməyə çalışır. Düşünürəm ki, buna da nail olacaq”.
ELŞAD,
Musavat.com