Bakı, 27 noyabr, AZƏRTAC
Qvineya-Bisauda hakimiyyəti ələ keçirən hərbçilər ölkədə “Facebook”, “TikTok” və “YouTube” də daxil olmaqla, bəzi sosial media platformalarına girişə müvəqqəti məhdudiyyət tətbiq edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin “Democrato” qəzeti məlumat yayıb. Məlumata görə, bu tədbir zorakılığa sövq edəcək və ya dezinformasiya mənbəyinə çevrilə biləcək məzmunun yayılmasının qarşısını almağa yönəlib. Bu arada, “WhatsApp” kimi digər rəqəmsal platformalar həmişəki kimi işləməyə davam edir.
Qeyd edək ki, noyabrın 26-da Afrikanın qərbində yerləşən Qvineya-Bisauda hərbçilər çevriliş edərək hakimiyyəti ələ keçirib və seçkiləri dayandırıb.
Prezident Umaro Sisoku Embalonun həbs edildiyi, paytaxt Bisaunun mərkəzində atışma səslərinin eşidildiyi deyilir. Eyni zamanda, müxalifətin seçkilərdəki namizədi Fernandu Dias da Koşta və sabiq Baş nazir Dominquş Pereyra da həbs olunanlar arasındadır.
Noyabrın 23-də ölkədə prezident seçkiləri keçirilib. Həm hazırkı Prezident Umaro Sisoku Embalo, həm də müxalifət namizədi Fernandu Dias da Koşta seçkilərdə qələbə qazandıqlarını elan ediblər. Rəsmi nəticələrin cümə axşamı elan edilməsi planlaşdırılırdı.
1974-cü ildə müstəqillik qazanmazdan əvvəl Portuqaliyanın müstəmləkəsi olan Qvineya-Bisau Afrikanın ən kasıb ölkələrindən biridir. Son 55 ildə ölkədə 9 dövlət çevrilişi və çevriliş cəhdi olub.