AZ

Arxeologiya və Antropologiya İnstitutunda “Konstitusiya və Suverenlik İli”nə həsr edilən tədbir keçirilib

Bakı, 27 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, tədbiri açan elmi müəssisənin direktoru dosent Fərhad Quliyev bildirib ki, Konstitusiya nəinki hər bir müstəqil dövlətin sosial təşkilatlanmasını və strukturlaşmasını, həmçinin onun milli və ərazi suverenliyini təsbit edən hüquqi bazasıdır. “2020-ci ildə əldə edilən tarixi Zəfər həm də hüquqi və siyasi baxımdan suverenlik dəyərlərinin möhkəmləndirilməsi anlamına gəlir. Şanlı Qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurda institutumuzun əməkdaşlarının apardığı arxeoloji və antropoloji tədqiqatlar dövlət suverenliyimizin təsbitinə, Prezident İlham Əliyevin Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planına yönəlik töhfəmizdir”, – deyə Fərhad Quliyev qeyd edib.

Elmi işlər üzrə direktor müavini dosent Zaur Həsənov bildirib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisədir: “Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətimizin rəhbəri olduğu dövrdə, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu vasitəsilə Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ölkəmizdə genişmiqyaslı qanunvericilik və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə yol açdı, müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyənləşdirdi. 44 günlük Vətən müharibəsindən öncə də ərazilərimizin bütövlüyünü və suverenliyini əks etdirən Konstitusiyamızın müddəaları bizə imkan verdi ki, işğal edilmiş ərazilərimizdə işğalçılar tərəfindən aparılmış arxeoloji qazıntıların qanunsuz olmasını bütün dünyaya bəyan edək və bu cinayətin qarşısını alaq”.

Professor Hidayət Cəfərov çıxışında Azərbaycan Respublikasının keçdiyi yoldan, sovet dönəmində müttəfiq respublikaların konstitusiyalarının milli suverenliyi təmin etmədiyindən söz açıb. “1995-ci il noyabrın 12-də ümumxalq referendumunda qəbul edilmiş Konstitusiya milli dövlətçiliyimiz tarixində xüsusi yer tutur. İlk dəfə idi ki, Azərbaycan xalqının milli suverenliyini, müstəqilliyini və milli maraqlarını tamlığı ilə əks edən hüquqi akt qəbul edilirdi. Əsas Qanun məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanmışdı”, - deyə professor Hidayət Cəfərov qeyd edib.

Tarix elmləri doktoru, professor Abbas Seyidov bildirib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə respublikamızda siyasi hərc-mərcliyə son qoyuldu. 1995-ci il noyabrın 12-də ümumxalq referendumunda qəbul edilmiş Konstitusiyanın preambulasında dövlət və milli müstəqilliyimizi, ərazi bütövlüyümüzü təsbit edən müddəalar öz əksini tapdı. Yalnız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərlə Konstitusiyamızın dövlətimizin ərazi bütövlüyü ilə bağlı müddəalarını təsbit etdi.

Dosent Bəhlul İbrahimli çıxışında bildirib ki, sovet konstitusiyası bizim ərazi bütövlüyümüzü müdafiə edə bilmirdi. “Otuz il öncə qəbul edilmiş Konstitusiyamızın ərazi bütövlüyü və suverenlik barədə müddəaları isə Prezident İlham Əliyevin apardığı prinsipial və məqsədyönlü siyasət nəticəsində öz maddi təsbitini bərqərar etdi. Konstitusiyamız bizə öz əzəli torpaqlarımızda tədqiqat aparmaq hüququ verib və bu hüququn arxasında Azərbaycan Respublikasının nüfuzu və hərbi qüdrəti durur”, – deyə Bəhlul İbrahimli əlavə edib.

Seçilən
26
1
azertag.az

2Mənbələr