AZ

Turanın QHT birliyi də yaradıldı RƏY

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

 8 türk dövlətinin təmsil olunduğu Platforma ilə çox ciddi işlər görmək olar                                           

Noyabrın 25-də Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının təsis konfransı keçirildi. İlk dəfə olaraq Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətindən olan vətəndaş cəmiyyəti təmsilçiləri Birgə Bəyannamə qəbul edərək QHT Platformasını yaratdılar. Qərara alındı ki, birlik olmaqla daha təsirli, daha səmərəli nəticələr əldə oluna bilər. QHT Platformasına ilk rəhbərlik Azərbaycana həvalə edildi və millət vəkili Azər Allahverənov Platformanın sədri seçildi. Türk Dövlətləri Təşkilatına hansı ölkənin sədrlik etməsindən asılı olaraq dəyişəcək, həmin ölkədən nüfuzlu vətəndaş cəmiyyəti təmsilçisi olacaq. Lakin Platformanın daimi qərargahı Bakı şəhərində yerləşəcək. Bu, son illər Azərbaycan QHT-lərinin böyük inkişaf yolu keçərək, təşəbbüslərinin qlobal məkanda geniş dəstək qazanmasının növbəti təzahürü olmaqla, tarixi uğurdur. Platformada 8 dövlətin təmsilçiləri olsa da, hər kəsi türk kimliyi, ortaq mədəniyyət, dəyərlər bir ailə kimi birləşdirir. Bu ailədə hamı özünü rahat, təhlükəsiz və güclü hiss edir. Özbəkistandakı "Yüksəliş" hərəkatının sədri, Özbəkistan parlamentində komitə sədri Babur Bekmurodov deyib ki, TDT ölkələri QHT-lərinin Platforması xalqlarımızı daha da yaxınlaşdırmağa imkan verəcək. Onun sözlərinə görə, türk dövlətləri və türk xalqlarının qeyri-hökumət təşkilatlarının bir araya gəldiyi Platforması böyük əhəmiyyət daşıyır: "Çünki görürük ki, ölkələrimizin liderləri dostluq münasibətləri qurur, müxtəlif məsələləri birlikdə həll edirlər, həm daxili, həm də qlobal problemlərin aradan qaldırılmasında fəal iştirak edirlər. Liderlər xalqlarımızı yaxınlaşdırmaq məqsədilə yeni ideyalar irəli sürürlər. Bu proses çərçivəsində xalqlar arasında da səmimi və davamlı dostluğun möhkəmlənməsi vacibdir. Bu platforma xalqlarımızı daha da yaxınlaşdırmağa imkan verəcək. Düşünürəm ki, bu təşəbbüs türk xalqlarının səsinin dünyada daha gur səslənməsinə xidmət edəcək".  

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə Sherg.az-a açıqlamasında deyib ki, bir neçə gündür Türk dünyasının ürəyi Azərbaycanda döyünür. QHT rəhbəri qeyd edib ki, Azərbaycan türk respublikaları arasında aparıcı mövqeyə malik olduğunu bir daha ortaya qoydu:

"Proses başlayıb və hər birimiz çalışacağıq ki, daşın altına əlimizi qoyaq, öz töhfəmizi verək. Cənab Prezident ötən gün çıxışında çevik mexanizmlərin yaradılmasının əhəmiyyətindən danışmışdı. TDT-nin QHT Platformasının yaradılması məhz çevik mexanizmin nümunəsidir. Platforma sayəsində dünyada, o cümlədən Türk dünyasında baş verənlərə dair öz mövqeyimizi ortaya qoya biləcəyik. Düzdür, QHT olaraq türk dünyasının inkişafı istiqamətində müxtəlif layihələr icra etmişik. Ancaq vahid Platforma şəklində bu missiyanı daha operativ, genişmiqyaslı və təsirli formada həyata keçirmək imkanı əldə edirik. 2021-ci il Türkiyənin Yalova şəhərində "Türk xalqlarının mədəniyyət şöləni"ndə iştirak edirdik. Tədbirdə Türk dünyasını təmsil edən jurnalistlərin də görüşü keçirildi və orada təklif etdim ki, türk xalqlarının müdafiəsini təşkil edəcək vahid bir qurum yaradılsın. Müdafiə təşkilatını o məqsədlə təklif edirdim ki, həmin dövrdə, yəni 44 günlük müharibədən sonra Ermənistan tərəfi, xüsusən xarici ölkələrdəki erməni diasporu Azərbaycana və Türkiyəyə qarşı güclü antitəbliğat kampaniyasına başlamışdı. Birgə müdafiəyə ehtiyacımız var idi. Hətta qurumun nizamnaməsini hazırlayaraq müvafiq idarəyə təqdim etmişdik. Məhz indi TDT-yə üzv ölkələri təmsil edən QHT-lərdən ibarət ayrıca Platformanın yaradılması bizi çox sevindirir. Çünki proses ən yüksək səviyyədə, dövlət müstəvisində aparılacaq".

QHT sədrinin sözlərinə görə, 8 türk dövlətinin təmsil olunduğu Platforma ilə çox ciddi işlər görmək olar:

"Bəzi türk respublikalarında mediada çıxış etmək imkanımız çətindir, hətta mümkünsüzdür. Məsələn, Özbəkistan və Qazaxıstan mediasına rahat şəkildə çıxış əldə ediriksə, Türkmənistan və Qırğızıstan mətbuatına yol tapa bilmirik. Hesab edirəm ki, Platforma üzərindən media ilə əməkdaşlıq inkişaf etdirilməli, əlaqələr genişlənməlidir. Yaxşı olar ki, QHT Platformasının strukturu formalaşarkən ayrıca departamentlər də yaradılsın. Türk xalqlarının media qurumlarını əlaqələndirən xüsusi şöbənin olması məqsədəuyğun olar".

F.Hüseynzadə qeyd edib ki, beynəlxalq təşkilatlara ünvanladığımız birgə bəyanatın sadəcə bir-iki QHT yox, ümumi Platforma adından getməsi mühümdür:

"Ümumi və yüksək səviyyəli müraciətlər, bəyanatlar proseslərdə QHT-lərin rolu və təsir imkanları baxımından çox önəmlidir. Elə layihələr təşkil etməliyik ki, Türk dünyasının gücünü, nüfuzunu sərgiləyə bilək. Ümid edirik, Platforma üzərindən Türk dünyasının vətəndaş cəmiyyəti səsini beynəlxalq aləmə çatdıracaq. Bəzi türk respublikaları hegemon dövlətlərin təsirindən, asılılığından çıxa bilməyib. TDT çərçivəsində yaradılmış qurumlar bütün türk xalqlarını tam anlamı ilə müstəqilləşdirməli, milli birliyin formalaşmasına, güclənməsinə onları da cəlb etməlidir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
sherg.az

1Mənbələr